İstanbulda Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert

 

   Azərbaycan Dövlət Rəqs Ansamblı möhtəşəm proqramla çıxış edib

  

   İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən konsert proqramı təqdim olunub. Məşhur xoreoqraf, Rusiyanın Xalq artisti Dikalu Muzakayevin bədii rəhbərliyi ilə hazırlanan “Mənim Azərbaycanım” adlı konsert proqramı milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli baletdən ibarətdir.

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzi - Hazarfemİstanbulun Küçükçəkməcə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən konsertin tamaşaçıları arasında Türkiyənin tanınmış mədəniyyət xadimləri, diplomatlar, Azərbaycan diasporunun təmsilçiləri olublar.

   Əsasən xalq mahnıları və Üzeyir Hacıbəyli, Arif Məlikov, Rauf Hacıyev, Cahangir Cahangirov, Emin Sabitoğlu və digər bəstəkarlarımızın şaqraq melodiyalı musiqiləri əsasında hazırlanmış kompozisiya bütün tamaşaçıları heyran edib. Görkəmli rəqqas, Xalq artisti Ağababa Abdullayevin vaxtilə quruluş verdiyiToy”, “Bahar”, “ çiçək”, “Tərəkəmə” və s. rəqslər kollektivin ifasında şuxluğu, elastikliyi, zərifliyi ilə göz oxşayıb. Gülnarə İsmayılovanın “Toy” və Saina Əhmədovanın qavalla ifasını xüsusi qeyd etmək lazımdır. “Qazağı”, “Qaytağı”, “Şələqoy” kimi rəqslər də çətin elementlərdən ustalıqla istifadə edən rəqqasların ifasında təkrarsız və cəlbedici idi. Əməkdar artist, baletmeyster Xanlar Bəşirovun iştirakı ilə təqdim olunan “Gənclik” rəqsi isə milli adət-ənənələrimizin, ruhumuzun təqdimatı ilə fərqlənirdi.

   Bu kompozisiyanın əhəmiyyətli cəhətlərindən biri də bədnam qonşularımızın özününküləşdirməyə çalışdıqları rəqs nümunələrimizi qastrol səfərləri zamanı əsl Azərbaycan rəqsləri kimi dünya tamaşaçılarına çatdırmaqdır.

   Üç saatdan çox davam edən bu kompozisiya-tamaşada aparıcı solist olanKoroğlu obrazını canlandıran Xalq artisti Rüfət Xəlilzadənin əməyini xüsusi vurğulamaq lazımdır.

   Tamaşadan sonra o bildirib ki, 30 ildir bizim rəqs ansamblımız qardaş ölkəyə gəlmirdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəstəyi nəticəsində kompozisiya-tamaşanın ərsəyə gəldiyini deyən sənətkar bu proqramın milli mədəniyyətimizin, adət-ənənələrimizin, geyim növlərimizin - mədəni kodumuzun dünyaya çatdırılmasında müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb.

   Hazarfemin rəhbəri Nuran Acar “axır ki, istəyimizə nail olduq” - deyərək proqramın gerçəkləşməsində zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.4.