Ustadının ümidlərini doğruldan səhnə korifeyi

 

   Azərbaycan xoreoqrafiya məktəbinin yetirmələri dünya balet tarixinə layiqli töhfələr verib. Ötən əsrin ortalarından başlayaraq görkəmli sənətkarlarımız tərəfindən milli baletlərimiz ölkəmizdə, eləcə də dünyanın tanınmış səhnələrində nümayiş olunub. Balet ustalarımız respublikanın hüdudlarından kənarda bu sənətin pərəstişkarları və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Həmin sənətkarlardan biri Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovadır. O, səhnə həyatı verdiyi Qaraca qız, Şirin, Odilliya, Avrora, Kitri, Jizel, Gülyanaqs. obrazlarla ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanıb.

   Leyla Məhəd qızı Vəkilova 29 yanvar 1927-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Erkən çağlardan rəqsə böyük maraq göstərib. Valideynləri onun bu marağını nəzərə alaraq Bakı Xoreoqrafiya Məktəbinə (indiki Bakı Xoreoqrafiya Akademiyası) qoyurlar. O, əvvəlcə Ədilə Almaszadənin, sonra isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə bu sənətin incəliklərinə yiyələnir. Təhsilini başa vurduqdan sonra 1943-cü ildə Azərbaycan Dövlət OperaBalet Teatrının balet truppasına solist qəbul olunur. İki il Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçərək sənətin dərinliklərinə varır. Azərbaycana qayıtdıqdan sonra OperaBalet Teatrında aparıcı ifaçı kimi balet tamaşalarında əsas partiyaları ifa edir və tamaşaçıların qəlbinə yol tapır. Onun səhnədə debütü R.M.Qlierin “Qırmızı lalə” baletində Tao Xoa rolu olur. İlk dəfə olaraq milli rəqslərimizə xas olan keyfiyyətləri klassik rəqs texnikası ilə birləşdirir və tamaşaçılar qarşısında son dərəcə maraqlı və qeyri-adi bir mənzərə canlandırır. Sənət müəllimi Q.Almaszadə tələbəsinin bu uğurunu fərəhlə qarşılayıb və “Əhsən, sən məndən də irəli gedəcəksən”, - deyib.

   Balerinanın səhnədə ilk uğurlu addımlarından biri də Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletində canlandırdığı Gülyanaq obrazı olub. Bu obraz onun gələcək yaradıcılıq taleyində mühüm rol oynayır. Sənətkar çox böyük ustalıqla obrazın həyatsevərliyini, qəlboxşayan lirizmini və kədərini təqdim edə bilir. Soltan Hacıbəyovun “Gülşən” baletində də göstərdiyi yüksək ifa məharəti sənətsevərlərin böyük marağına səbəb olub. Dahi bəstəkar Qara QarayevinYeddi gözəl” baletinin quruluşçu rejissoru P.Qusev müsahibəsində balerinanın ifasından heyrətləndiyini deyib: “Əla rəqqasə, qıvraq, möhkəm... hər şey canlandı, başqa bir aləm yarandı”.

   1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə L.Vəkilova “Qız qalası”, “Yeddi gözəl” və “Gülşən” baletlərində çıxış edir. Onun özünəməxsus ifası Moskva tamaşaçılarını heyran edir. Onlar balerinanı “Ulduz saatı” adlandırırlar. Məhz bu çıxışından sonra o, “SSRİ Xalq artisti” fəxri adına layiq görülür.

   Yeddi gözəl”in parlaq uğurundan sonra görkəmli bəstəkar Qara Qarayev “İldırımlı yollarlabaletini yazır. 1960-cı ilin sonunda baletin premyerası keçirilir. Leyla xanım bu baletdə də öz qəhrəmanının hiss və duyğularını çox dolğun canlandırmağa müvəffəq olur.

   Aktrisanın daha bir uğuru SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti ilə bağlıdır. 1962-ci ildə tamaşaya qoyulan əsərdə o, Şirin obrazını böyük ustalıqla yaradır. Bəstəkar bu barədə deyib: “Bu surəti yaradaraq Leyla Vəkilova əvvəldən cızılmış xoreoqrafik konstruksiyaya isti nəfəs verə bildi. Vəkilova-Şirin tamaşaçıların qarşısında dərin məhəbbət hislərindən pərvazlanan insan idi. Bu surəti yaradan balerina sübut edirdi ki, Şirin - poeziyadır, işıqdır, Şirin - azadlıqdır. Balerina parlaq məharətlə gənc və zərif qəlbli bir qızcığazın həyatını yaşadı. Təcrübəli aktrisanın müstəsna ustalığı nəticəsində dolğun və sönməz bir surət yarandı”.

   Bundan əlavə, Leyla xanımın müxtəlif illərdə OperaBalet Teatrının səhnəsində A.Adanın “Jizel”, R.Qliyerin “Qırmızı lalə”, P.ÇaykovskininSonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.MinkusunDon Kixot”, A.KreyninLaurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.AsafyevinBaxçasaray fontanı” və digər baletlərdə yaddaqalan obrazları bu sənətin parlaq səhifələrini təşkil edir.

   Ötən yüzillikdə Azərbaycan baletinin bütöv bir mərhələsi Leyla Vəkilovanın adı ilə bağlıdır. O həm də Azərbaycan balet sənətinin dünyada təbliğinə böyük töhfələr verən sənətkarlardandır. Avstraliya, Fransa, Polşa, Suriya, Türkiyə və keçmiş SSRİ-nin müxtəlif respublikalarında nümayiş etdirdiyi səhnə mədəniyyəti, professional ifaçılıq bacarığı yüksək dəyərləndirilib.

   1972-ci ildə “Yeddi gözəl” əsərində çıxışı ilə səhnəyə “əlvida” deyən görkəmli balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnini tədris edib. 1992-ci ildən təhsil ocağının bədii rəhbəri olub. Onun yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstərirlər.

   Milli səhnə mədəniyyətimizin görkəmli siması Leyla Vəkilova 20 fevral 1999-cu ildə Bakıda dünyasını dəyişib.

  

   S.Fərəcov  

 

Mədəniyyət.- 2018.- 31 yanvar.- S.14.