Krım elindən başlayıb Bakıda bitən ziyalı ömrü

 

 

 

Ötən əsrin 30-cu illər repressiyası əsasən ömrünü mənsub olduğu xalqın işıqlı gələcəyinə həsr edən ziyalıları, yazıçı və şairləri, bir sözlə, mütərəqqi fikirli adamları əhatə edirdi. Təkcə tatar xalqının deyil, ümumilikdə türk dünyasının birliyi uğrunda mübarizə aparan Həsən Səbri Ayvazov da milli düşüncənin yaşaması naminə ömrü yarıda kəsilən maarif xadimlərindən idi.

Həsən Səbri Ayvazov 6 may 1878-ci ildə Krımın Alupka qəsəbəsində anadan olub. Mədrəsədə oxuyur, ali təhsil məqsədilə İstanbula gedir. Burada ali pedaqoji təhsil alır və siyasi proseslərlə maraqlanır. İctimai fəallığı nəticəsində bir neçə tələbə yoldaşı ilə birlikdə həbs edilir. Lakin Rusiya təbəəsi olduğu üçün hökm dəyişdirilir və sadəcə ölkədən çıxarılır. Həsən Səbri bir müddət Krımda fəaliyyət göstərir. Soydaşlarını çarizmin əsarətindən qurtarmaq barədə düşünür. Dövri mətbuatda mütəmadi çıxışlar edir. Müəllifin həmin dövrdə qələmə aldığı “Nədən bu hala qaldıq?” pyesi 1906-cı ildə Bakıda “Füyuzat” jurnalında işıq üzü görür. Bir il sonra əsər kitab şəklində çap olunur və səhnəyə qoyulur.

Rusiya II Dövlət Dumasına Krımdan deputat seçilən istedadlı publisist, islahatçı görüşləri ilə seçilən Rəşid Mehdiyev “Vətən xadimi” adlı qəzetin nəşrinə icazə alır. H.S.Ayvazov qəzetin redaktoru olur. Nəşrin ilk sayı 1 may 1906-cı ildə Qarasubazarda işıq üzü görür. H.Səbrinin “Həyat”ın qürubundan, “Füyuzat”ın tülundan hasil olan təəssüratım” adlı ilk məqaləsi qəzetin 13 noyabr 1906-cı il 2-ci sayında dərc edilir. Ancaq “Vətən xadimi” qəzeti 1908-ci ildə hökumət tərəfindən bağlanır.

H.Səbri milli ruhlu çıxışları ilə hökumət dairələrinin diqqətini çəkir, onu nəzarətə götürürlər. Dostları onun bir müddət gözdən uzaq olmaq üçün Krıma qayıtmasını məsləhət bilsələr də, maarif xadimi Moskvaya gedirLazarev İnstitutunun Şərqşünaslıq fakültəsində işə düzəlir. Özünü İsmayıl bəy Kaspıralının tələbəsi hesab edən H.Səbri bir müddət “Tərcüman” qəzetinin redaktoru olur. İsmayıl bəy ölüm ayağında ikən vəsiyyətini  də məhz H.Səbriyə danışır...

1917-ci ilin fevralında Rusiyada hökumət çevrilişi olur. Martın 26-da Krım Xalq Cümhuriyyəti elan edilirNoman Çələbi Cihanın rəhbərliyi altında Krım Milli Hökuməti qurulur. Ölkədə parlamentli respublika yaradıldığı elan edilir. H.Səbri yeni yaradılan parlamentə sədr seçilir. Lakin Sovet Rusiyası Krım tatar  hökumətini tanımır. O, vətəni çətin durumdan qurtarmaq üçün İstanbula gedir. Geri dönərkən Krıma yox, Bakıya gəlir. Azərbaycanda latın əlifbasına keçmək ideyasını dəstəkləyən H.Səbri 1927-ci ildə “Latın əlifbasına dair”, 1928-ci ildə “Qiraət kitabı”, “Meyus şairlərimiz” və başqa əsərlərini çap etdirir. Haşım bəy Vəzirovla birlikdə U.ŞekspirinOtello” faciəsini, daha sonra rusbir sıra Avropa yazıçılarının əsərlərini ana dilinə tərcümə edir. Həmçinin Azərbaycan teatrlarında tamaşaya qoyulan əsərlər haqqında rusdilli mətbuata məqalələr yazır. Bütün bunlara baxmayaraq, H.Səbri Azərbaycanda milli düşüncənin inkişafına mühüm töhfələr vermiş Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları ilə eyni sırada kəskin tənqid edilir. 1932-ci ildə Pedaqoji İnstitutdan xaric edilən görkəmli ziyalı 1937-ci il aprelin 4-də həbs edilir. Bir il sonra o, əksər həmfikirləri kimi güllələnir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 3 aprel.- S.6.