Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti İstanbulda görüşlər keçirib

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyəyə səfəri çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət idarəsinin rəhbəri Rıdvan Duranİstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır ilə görüşlər keçirib.

Görüş zamanı G.Əfəndiyeva türk dünyası mədəni irsinin qorunması və təbliği ilə bağlı həyata keçirilən tədbir və layihələrdən, qurumun gələcək planlarından bəhs edib. Fond ilə İstanbul Şəhər Teatrlarının ortaq layihəsi – böyük şair-dramaturq Hüseyn Cavidinİblispyesinin Türkiyədə tamaşaya qoyulması bu istiqamətdə mühüm addımlardan biri kimi vurğulanıb.

R.Duran öz növbəsində, türkdilli xalqların tarixi-mədəni irsinin qorunması, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi yönündə fond tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirərək türk dünyasının tanınmış ədibi H.Cavidin əsərinin İstanbulda səhnələşdirilməsinin əməkdaşlığın gözəl nümunəsi olduğunu deyib.

İstanbul Şəhər Teatrlarının direktoru ilə görüşdə “İblis” tamaşasının hazırlıq prosesindən bəhs edilib. Tamaşanın yaxın zamanlarda Muhsin Ertuğrul səhnəsində izləyicilərə təqdim olunacağı bildirilib.

G.Əfəndiyeva tamaşanın quruluşçu rejissoru – Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova ilə birlikdə məşq prosesini izləyərək, yaradıcı heyət ilə görüşüb. Qeyd edək ki, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, tamaşanın bəstəkarı Azərbaycanın Xalq artisti Aygün Səmədzadədir.

 

Mədəniyyət.- 2019.-  3 aprel.- S.8.