Əməkdaşlığa dair memorandum imzalanıb

 

 

Aprelin 3-də Azərbaycan Milli Konservatoriyası ilə Beynəlxalq Muğam Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tədbiri Azərbaycan Milli Konservatoriyasının (AMK) prorektoru Lalə Hüseynova açaraq iki təşkilat arasında əməkdaşlığın xeyli əvvəl başladığını qeyd edib. Bildirib ki, konservatoriyanın müəllimləri, muğam ifaçıları, tələbələri Beynəlxalq Muğam Mərkəzinin tədbirlərində fəal iştirak edirlər: “Biz son zamanlar Muğam Mərkəzi ilə birgə dəyirmi masalar, layihələr həyata keçirmişik. Bu dəyirmi masalarda alimlərin iştirakı ilə çox maraqlı müzakirələr aparılıb. Bu əməkdaşlıq müxtəlif müstəvilərdə davam etməlidir. Birgə konsertlərin, festivalların keçirilməsi və digər tədbirlərin təşkili nəzərdə tutulur. Bu, çox böyük maarifləndirmə işidir. Muğamın geniş kütlələr arasında yayılmasında, təşviqində Beynəlxalq Muğam Mərkəzinin rolu çox böyükdür. Bu baxımdan davam edən əməkdaşlığın memorandumla rəsmiləşdirilməsi böyük əhəmiyyət daşıyır”.

AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi bildirib ki, memorandumun məqsədi iki qurum arasında qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, yeni yaradıcılıq mühitinin formalaşdırılmasıdır.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov birgə əməkdaşlığın bundan sonra da mədəniyyətimizin, musiqimizin inkişafına töhfə verəcəyini söyləyib.

Əməkdaşlıq haqqında memorandumun imzalanmasından sonra tədbir konsert proqramı ilə davam edib.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.4.