Kinorejissor Tofiq İsmayılovun xatirəsi anıldı

 

 

 

Milli kino sənətinin inkişafında xidmətləri olan tanınmış kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 80 illiyi münasibətilə aprelin 9-da sənətkarın Yasamal qəbiristanlığındakı məzarı ziyarət edildi.

Anım mərasimində kino ictimaiyyətinin nümayəndələri, mərhumun yaxınları iştirak edirdi.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov çıxış edərək rejissorun milli kino sənətində xidmətlərindən danışdı. Vurğuladı ki, onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kinosuna dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də bu sahənin inkişafına, kino xadimlərinin yetişdirilməsinə töhfələr verib.

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov Tofiq İsmayılovun yaradıcılıq yolundan danışdı. Bildirdi ki, mərhum rejissor bədii filmlərlə yanaşı, Müslüm Maqomayev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Tofiq Quliyev və digər tanınmış incəsənət xadimlərinin ömür yoluna həsr olunan bədii-sənədli ekran əsərləri çəkib. O, “Türk xalqlarının kino tarixiüçcildlik tədqiqat əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Ədəbi yaradıcılıqla da məşğul olan kino xadimi uşaqlar üçün pyeslər, hekayələr yazıb. Əsərləri xarici dillərdə də nəşr olunub.

Tofiq İsmayılovun ailəsi adından çıxış edən İlham Zeynalov sənətkarın xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olub. “Mən mahnı qoşuram”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru s. filmlərə quruluş verib. 1971-ci ildən indiki Mədəniyyət İncəsənət Universitetinin Rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru olub.

Tofiq İsmayılov 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində dərs deyib. Ömrünü sənətə həsr edən kinorejissor 2016-cı ilin 25 martında vəfat edib.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.2.