Ev gərək qonaq-qaralı olsun...

 

 

Aprelin 5-də Azərbaycan Teatr Xadimləri İttifaqında Gəncə Dövlət Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Dövlət Dram Teatrı arasında yaradıcılıq memorandumu imzalandı. Memorandum ötən il Bakıda Azərbaycan və Gürcüstan arasında teatr sahəsində yaradıcılıq əlaqələrini genişləndirmək niyyəti ilə imzalanmış sənədlərin məntiqi davamıdır.

Xatırladaq ki, 2018-ci il noyabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqı “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq İttifaqı ilə, Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Peşəkar Dram Teatrı arasında əməkdaşlıq haqqında sənəd imzalamışdı. Hər iki sənəddə diqqətçəkən məqam budur ki, onu imzalayan hər bir teatr indiyədək əməkdaşlığa dair müqavilə bağladığı hər hansı digər teatrı da bu yaradıcılıq memorandumuna qoşulmağa dəvət edə bilər. 

Əslində, Gəncə teatrı ilə Ozurgeti teatrı bir-birinə yad sənət ocaqları deyil. Elə onu demək kifayətdir ki, ötən ilin yayında gəncəlilər Ozurgeti teatrı və şəhər meriyasının təşkilatçılığı ilə keçirilən Nodar Dumbadze Beynəlxalq teatr festivalında uğurla çıxış etmişdi. Gürcü yazıçısının 90 və Ozurgeti teatrının 150 illiyinə həsr olunmuş həmin festivalda Gəncə Dövlət Dram Teatrı yubilyarın “Xelados” hekayəsi əsasında hazırlanmış tamaşanı göstərmişdi. Ozurgeti teatrı da Azərbaycan dramaturgiyasından xəbərsiz deyil. Üç il əvvəl, 2016-cı il aprelin 7-də teatrda yazıçı-dramaturq ElçininŞekspir  pyesinin ilk tamaşası oynanılıb.

Memorandumun imzalanma mərasimində öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış etdi. Qeyd etdi ki, son illər Azərbaycanda dövlətin dəstəyi sayəsində teatr sənəti yeni səviyyəyə qalxıb, teatrlarımız yaxın-uzaq xarici ölkələrə qastrol səfərinə çıxır, nüfuzlu festivallara qatılır, rejissorlarımız əcnəbi teatrlarda tamaşalara quruluş verir, beynəlxalq əlaqələr möhkəmlənir: “Azərbaycan və Gürcüstanın iki teatrı arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd tezliklə öz bəhrəsini verəcək”.

Ozurgeti Dövlət Dram Teatrının bədii rəhbəri Vasil Çiqogidze çıxışında Gəncə teatrının tamaşasını xoş sözlərlə  xatırladı.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov isə Ozurgeti teatrı ilə tanışlıqlarından söz açaraq, festival təəssüratlarını bölüşdü. Söylədi ki, mədəni və yaradıcılıq əlaqələrinin daha sıx davamını, qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da yaxınlaşdıracaq.

Sənədlərin imzalanmasından sonraGürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq  İttifaqının sədri, Gürcüstan maarif, elm, mədəniyyət və idman nazirinin müşaviri Georgi Gegeçkori çıxış etdi. Bildirdi ki, Ozurgeti və Gəncə teatrlarının bir-birini tanıdığını bilsək də, onların qarşılıqlı yaradıcılıq əlaqələri qurmağa bu qədər həvəs göstərmələri bizi sevindirir. Bu həm də ötən ilin payızında iki yaradıcılıq ittifaqı arasında imzalanmış sənədin kağız üzərində qalmadığına sübutdur. Məqsəd ayrı-ayrı ölkələrin teatr təşkilatları və teatr kollektivləri arasında ünsiyyət yaratmaqla beynəlxalq teatr aləminin bir hissəsi olmaqdır.

Mərasimin sonunda Ozurgeti teatrının bədii rəhbəri Vasil Çiqogidze maraqlı bir fikir söylədi: “Harada teatr binası varsa, ora bütün teatr sənətçilərinin evidir. Elə buna görə də bizim evimiz sizin evinizdir”.

Bizöz növbəmizdə bu fikri əsl Azərbaycan qonaqpərvərliyi ilə davam etdiririk. Evin yaraşığı qonaqdır. Ev varsa, o gərək qonaq-qaralı olsun!..

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.3.