Gəncənin musiqi məbədi

 

 

 

Ulu Nizami yurdu olan qədim Gəncə bu gün Azərbaycanın dövlət başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müasirləşir, abadlaşır, inkişaf edir.

Məhz bu diqqət və qayğının nəticəsində qədim Gəncə vaxtilə malik olduğu tarixi şöhrətini yenidən özünə qaytarıb, bölgənin əsas iqtisadi, mədəni mərkəzinə çevrilib. Şəhərdə fəaliyyət göstərən mədəniyyət ocaqları sırasında öz möhtəşəmliyi ilə diqqəti cəlb edən əzəmətli bir bina var. Bu bina müasir Gəncənin gözəlliyinə başqa bir rəng qatır. Söhbət Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni binasından gedir.

Gəncədə Dövlət Filarmoniyası hələ 1935-1936-cı illərdə müasir Azərbaycan peşəkar musiqi sənətinin və müsəlman Şərqində ilk milli operanın banisi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılıb. Bir müddətdən sonra filarmoniya öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 1941-ci ildə orduya çağırılan və 1942-ci ildə ağır xəstəliyi üzündən cəbhədən qayıdan Fikrət Əmirov bir müddət Gəncədə qalır. Gəncə Dram Teatrında baş rejissor Mehdi Məmmədovla birgə işləyərək, bir neçə tamaşaya musiqi yazır. Sonra Bakıya qayıdır, konservatoriyada təhsilini başa vurur. Onu işləmək üçün Gəncəyə göndərirlər. Burada Fikrət Əmirov, Xalq artisti Məhəmməd Burcəliyev və bəstəkar Qəmbər Hüseynli 1946-cı ildə Dövlət Filarmoniyasını bərpa etmək qərarına gəlirlər. Fikrət Əmirov bədii rəhbər, Xalq artisti Məhəmməd Burcəliyev isə filarmoniyanın direktoru təyin olunur. Gəncə Dövlət Filarmoniyası 1949-cu ilə kimi fəaliyyət göstərib, sonra fəaliyyəti yenidən dayandırılıb.

Filarmoniyanın fəaliyyətinin uzun fasilədən sonra bərpası 1968-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Xor dirijorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirən, 1969-74-cü illərdə Gəncə Orta ixtisas musiqi məktəbinin direktoruxor dirijoru müəllimi kimi fəaliyyət göstərən, 1969-cu ildə Gəncədə ilk dəfə simfonik orkestr yaradan və 80-ci illərin sonlarınadək ona rəhbərlik edən Əməkdar mədəniyyət işçisi Şirin Rzayevin üzərinə düşüb.

Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 228-K saylı 27 avqust 1990-cı il tarixli qərarına əsasən, Şirin Rzayevin rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bazasında Gəncə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayıb.  Filarmoniya 1985-ci ildə Gəncə çayının sol sahilində tikilən konsert binasında yerləşirdi.

O illəri xatırlayan Şirin Rzayev deyir: “Konservatoriyanın rektoru Soltan Hacıbəyovun təşəbbüsü və təklifi ilə Gəncə Musiqi Texnikumunun direktoru kimi fəaliyyətə başladım. Gəncəyə gəldikdən sonra şəhərin birinci katibi Ələsgər Əlizadə mənim qarşımda bir tələb qoydu ki, Gəncədə yeni musiqi kollektivlərinin yaradılması işinə başlamalıyam. Bundan sonra mən Gəncədə ilk simfonik orkestr yaratdım. 1969-cu ilin oktyabrın 6-da Gəncəyə gəldim, artıq dekabr ayının 16-da bu qeyd etdiyim simfonik orkestrlə xor kollektivi Bakıda Gəncə günlərində iştirak etdi. Sonradan Gəncədə müəllimlərin köməyi və Kamal Şirinovun rəhbərliyi ilə “Gəncə qızları” adlı bir vokal kvartet yaratdıq. Hətta xatırlayıram ki, ilk dəfə olaraq Gəncədə “Leyli və Məcnun” operasını bizim simfonik orkestrin ifasında konsert formasında “Şərəfxanlı” El nəğmələri teatrında Gəncə Dövlət Dram Teatrının mərhum rejissoru, Əməkdar incəsənət xadimi Həsən Ağayevin və aktyorların köməkliyi ilə ifa etdik. 1980-ci ildə Gəncəyə rəhbərlik edən Həsən Həsənovun təşəbbüsü ilə biz Folklor xorunu yaratdıq”.

Həmsöhbətim deyir ki, Gəncədə 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə yenidən mahnı və rəqs ansamblı fəaliyyətə başlamışdı. Lakin bu kollektivin də fəaliyyəti bir neçə ildən sonra dayanmışdı. Daha sonra 1969-cu ildə Xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göygöl” mahnı və rəqs ansamblı özfəaliyyət olaraq fəaliyyətə başladı: “1977-ci ildə “Göygöl” mahnı və rəqs ansamblına ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət ansamblı statusu verildi. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestri də fəaliyyət göstərirdi. Daha sonra 1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası mənim rəhbərliyim ilə yenidən yaradıldı. Filarmoniyaya direktor təyin olunduqdan sonra Əməkdar artist Elçin Elçiyevin köməkliyilə Xalq çalğı alətləri orkestrini yaratdıq. Bundan sonraUlu Gəncə” ansamblını Namiq Verdiyevin yaxından köməkliyi ilə yarada bildik”.

21 yanvar 2012-ci ildə Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı Nizami rayonu ərazisində, Cavad xan küçəsi və Heydər Əliyev prospektinin kəsişməsində, əvvəllər “Bakı” kinoteatrının yerləşdiyi ərazidə Gəncə Dövlət Filarmoniyasının yeni binasının təməli qoyulub.

Memar Ramiz Hüseynovun layihəsi əsasında tikinti işləri 2017-ci ilin noyabr ayınadək davam etdirilib və 10 noyabr 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə yeni binanın açılış mərasimi olub. Bu gün şəhərin memarlıq görünüşünə xüsusi estetik gözəllik bəxş edən, klassisizm üslubunda inşa edilmiş altımərtəbəli bina bir sıra mədəni tədbirlər, festivallar, həmçinin ölkə və beynəlxalq əhəmiyyətli müsabiqələrin keçirilməsi üçün əvəzsiz məkana çevrilib. Filarmoniya binasında Qərb (Renessans) arxitekturasının bir çox elementlərinin Şərq memarlıq ənənələri ilə üzvi şəkildə birləşməsi də xüsusi olaraq diqqəti cəlb edir. 1200 nəfərlik tamaşaçı auditoriyası üçün nəzərdə tutulan binada həm də iki kinozal, açıq havada yay estrada meydanı, eləcə də bir çox studiya və məşq otaqları var. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, NiyazininArif Məlikovun heykəlləri ucaldılıb. Ərazidə açıq havada yay konsert meydançası ilə yanaşı baxış qülləsi və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Bu gün Gəncə Dövlət Filarmoniyasının nəzdində 58 nəfərdən ibarət “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, 44 nəfərdən ibarət Xalq çalğı alətləri orkestri, 25 nəfərdən ibarət Kamera orkestri fəaliyyət göstərir. Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, Əməkdar artist Elçin Elçiyev söhbət zamanı bu barədə dedi: “Xalq çalğı alətləri orkestri 44 nəfərdən ibarətdir. Ancaq əsas heyət 25 nəfərdir. Səbəb də bundan ibarətdir ki, orkestrin tərkibində “Xəmsə” estrada qrupu da ictimai əsaslarla fəaliyyət göstərir. Bu estrada qrupu ötən il Xalq artisti Samir Cəfərov filarmoniyaya rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü ilə yaradılıb. Bu ildən isə Gəncə Dövlət Filarmoniyasının tərkibində xor kollektivini yaratmışıq. Bu yaxınlarda mədəniyyət naziri Əbülfəs Qarayev Gəncədə olarkən yeni yaranan xor kollektivinin orkestrlə birgə Aqşin Əlizadənin “Ana torpaq” əsərini dinlədi. Bildirim ki, bu gün Gəncə Dövlət  Filarmoniyası üçüncü kateqoriyada olaraq fəaliyyət göstərir. İkinci kateqoriyada fəaliyyət göstərməmiz üçün bir neçə şərt var ki, bunlardan biriburada beş kollektivin fəaliyyət göstərməsinin vacibliyidir. Bununla bağlı cənab nazirə müraciətimiz olub. O da müsbət fikrini bildirərək bu təklifə yaxın vaxtlarda baxılacağını deyib.

Həmçinin ictimai əsaslarla “Gülşən” Uşaq rəqs ansamblı da Salam Cavadovun rəhbərliyi ilə fəaliyyət göstərir”.

Elçin Elçiyev onu da bildirdi ki, hər il sentyabr ayında dahi Üzeyir Hacıbəylinin doğum günüMilli musiqi günü Gəncədə də təntənə ilə qeyd edilir. Bu münasibətlə Gəncə Dövlət Filarmoniyası “Arşın mal alan” operettası üzərində işləyir: “İlk dəfə bu əsəri 1991-92-ci illərdə filarmoniyanın səhnəsində tamaşaya qoymaq istəsək də, aktyor heyətinin lazımi səviyyədə olmaması üzündən bu yarımçıq qaldı. Hətta 1990-cı ildə müəllimim, görkəmli bəstəkarımız Süleyman Ələsgərov öz imzası ilə həmin əsərin partiturasını mənə göndərmişdi. Qeyd edim ki, bu partituranı 1936-cı ildə Moskva dekadasında böyük sənətkarımız Səid Rüstəmov Xalq çalğı alətləri orkestri üçün işləyib. İndi də məşqlər elə bu partitura əsasında aparılır. Artıq bu barədə Mədəniyyət Nazirliyinə də məlumat verilib”.

Filarmoniyanın “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı dəfələrlə Türkiyədə, o cümlədən beynəlxalq festivallarda, TÜRKSOY-un Novruz şənliklərində Azərbaycanı böyük uğurla təmsil edib. Xalq çalğı alətləri orkestri tarixi bayramlar və əlamətdar günlərdə, yubileylərdə, şəhər günlərində hər zaman müvəffəqiyyətlə çıxış edir. Kamera orkestrinin repertuarında Azərbaycan bəstəkarları ilə yanaşı, xarici bəstəkarların əsərləri də mühüm yer tutur.

Qeyd etmək lazımdır ki, 1990-1996-cı illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar mədəniyyət işçisi Şirin Rzayev olub, 1996-2016-cı illərdə filarmoniyanın direktoru, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq çalğı alətləri orkestrinin bədii rəhbər vəzifəsində Xalq artisti Şahnaz Haşımova fəaliyyət göstərib. 23 iyun 2017-ci ildən 5 iyul 2018-ci ilədək Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına rəhbərlik edib. 9 iyul 2018-ci ildən isə Əməkdar artist Elçin Elçiyev Gəncə Dövlət Filarmoniyasına direktor müavini təyin olunmaqla direktor səlahiyyətlərini icra edir.

Bu gün Gəncə Dövlət Filarmoniyasının yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait var. Bu, Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsidir.

 

Anar BURCƏLİYEV

Teatrşünas

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.6.