Nəsiminin 650 illiyinə həsr olunmuş xalça eskizi müsabiqəsi

 

 

 

Prezident İlham Əliyevin 2019-cu ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamından irəli gələrək Azərbaycan Xalça Muzeyi bu il keçiriləcək II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində söz ustadına həsr olunmuş xalça eskizi müsabiqəsi elan edib.

Muzeydən bildirilib ki, müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlərdən öz xalça eskizlərinin mayın 15-dək “600 DPI JPEG” formatında skan olunmuş versiyasını nasimicontest@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Müsabiqənin münsiflər heyətinə Əməkdar mədəniyyət işçisi, dosent Emin Məmmədov, Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, Xalq rəssamı Eldar Mikayılzadə, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov daxildir.

Münsiflər heyəti tərəfindən seçilən ən kreativ 20 xalça eskizi Azərbaycan Xalça Muzeyində sərgilənəcək və muzeyin rəsmi Facebook səhifəsində təqdim olunacaq.

Müsabiqənin qaliblərinə pul mükafatı təqdim ediləcək. Birinci yerin qalibi 4 min manat, ikinci yerin qalibi 2 min manat, muzeyin Facebook səhifəsində ən çox izləyici toplayan xalça eskizinin müəllifi min manat məbləğində mükafatlandırılacaq və onların eskizləri əsasında xalçalar toxunacaq.

Müsabiqənin qalibi xarici vətəndaş olduğu halda, onun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında iştirak etməsi üçün yolmehmanxana xərci ödəniləcək.

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.6.