“Nəsimi ili – Nəsimi dili

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının “Bir teatr, bir festival” layihəsi çərçivəsində gerçəkləşdirəcək 3-cü festivalı “Nəsimi ili”nə həsr ediləcək.

Baş idarədən bildirilib ki, “Nəsimi ili - Nəsimi dili” adlı festival aprelin 12-13-də Aktyor evində gerçəkləşəcək.

Festivalın rejissoru, teatrın bədii rəhbəri-direktoru, Əməkdar artist İntiqam Soltan, musiqi tərtibatçısı Rauf Hüseynli, qəzəllərin seçimi və tədbirin ədəbi tərtibatçısı Arzu Soltan, rəqslərin quruluşçusu Könül Şahbazova, səhnə tərtibatçısı Sevda Məmmədovadır.

Festivalda Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək, müstəqil qəzəl təqdimatları və müxtəlif kompozisiyalar nümayiş etdirəcəklər. Təqdimatlarda əsasən Nəsimi poeziyası nümunələrinə fərqli yanaşmalarayozumlara diqqət ayrılacaq. Məqsəd teatrda çalışan hər kəsə öz yaradıcılıq imkanlarını nümayiş etdirmək imkanı verməkdir.

Bundan başqa , müxtəlif teatrların və yaradıcı kollektivlərin təmsilçiləri də festivalda Nəsimi poeziyasından nümunələrlə çıxış etməyə dəvət olunub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Respublika İncəsənət Gimnaziyası festivala qatılacaqlar.

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.6.