Bakı Uşaq Teatrından “Nəsimi ili”nə töhfə

 

 

Ölkə başçısının sərəncamı ilə elan edilən “Nəsimi ili” ilə bağlı Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq mədəniyyət ocaqları tərəfindən müxtəlif təşəbbüslər irəli sürülür, tədbirlər, layihələr həyata keçirilir.

Bakı Uşaq Teatrı da maraqlı təşəbbüslə çıxış edərək “Nəsimi ili – Nəsimi dili  adlı festival keçirdi.

Festival aprelin 12-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) Abbas Mirzə Şərifzadə səhnəsində başladı.

Uşaq teatrının daha çox böyüklər üçün nəzərdə tutulan tədbirinə Akademik Musiqili Teatr, Sumqayıt Dövlət Dram Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Mədəniyyət və İncəsənət UniversitetiRespublika İncəsənət Gimnaziyası qatılmışdı. Təşəbbüskarlar isə bu yığcam festivalı sənət bayramı və istedad yarışına çevirməkdən ötrü əllərindən gələni əsirgəmədilər. Hətta festivalın açılışında ATXİ İdarə heyətinin sədr müavini, Xalq artisti Hacı İsmayılov ilə Bakı Uşaq Teatrının bədii rəhbəri-direktoru, Əməkdar artist İntiqam Soltanın təbrikindən sonra məlum oldu ki, festivalın müsabiqə proqramı da var, münsiflər heyəti də.

Münsiflər sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və teatr rejissoru Mirsahib Ağazadə idi.

Çıxışlara gəlincə, böyük şairin qəzəlini elə səsyazma studiyasındakı kimi öz geyimində mikrofon önünə keçib ifa edən də oldu, musiqili kompozisiya qurub çatdıran da, Nəsimi poeziyasını bu günün prizmasından təqdim etmək istəyən də, tamaşa parçası göstərən də. Düzdür, çıxışların əksəriyyətində “Nəsimi” filminin musiqisindən bol istifadə olunduğu qədər, bu ekran əsərinin təsiri və Rasim Balayev ifasının cazibəsi də aşkar hiss olunurdu. Lakin bununla belə, nəzərə alsaq ki, çıxışçıların heç biri tanınmış qiraətçi deyildi və səhnə fəaliyyətləri də,  bildiyimiz qədər, klassik poeziyadan uzaq sənətçilər idi, onların Nəsimi poeziyasına müraciəti, özlərini bu yöndə sınamaq həvəsi alqışlanmalıdır.

Bizcə, festival təşkilatçıları bir məqamı gözdən qaçırmışdılar: tədbir boyu istər muğam üstündə, istər bədii qiraət olaraq, istərsə də kompozisiyalarda Nəsiminin cəmi bir neçə qəzəli ifa edildi. Halbuki Nəsiminin divanı dəfələrlə nəşr olunubonun zəngin yaradıcılığından nümunələr tapmaq çətin deyildi.

“Nəsimi ili – Nəsimi dili” festivalında son zamanlar bu sayaq tədbirlərdə müşahidə etdiyimiz salonu yarımçıq tərk etmək, səhnədə baş verənləri smartfon ekranından izləyərək lentə almaq kimi, əslində, sənətə və sənətkara saymazyana münasibət  müşahidə olunmadı. Deməli, səhnədə kimlərin olması fərq etməz, həm də salondakılar zövq əhli olmalıdır. Əgər təşkilatçı – Bakı Uşaq Teatrı öz ətrafına salonda 3 saat klassik poeziya ilə baş-başa qalmağı bacaran tamaşaçı auditoriyası toplaya bilibsə, bu, uğur sayılmalıdır.

* * *

Ertəsi gün, aprelin 13-də yenə həmin saatda həmin məkanda toplaşdıq. Müsabiqə proqramı varsa, deməli, qaliblər də var və onların adını bilmək haqqımızdır. Əvvəlcə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin ayrı-seçkilik etmədən bütün iştirakçılara verdiyi fəxri fərmanlar təqdim edildi. Mədəniyyət Nazirliyinin Elm və tədqiqat sektorunun müdiri Vüqar Baxışov, münsiflər heyətinin sədri Vidadi Qafarov festival haqqında ürək sözlərini dedilər, Bakı Uşaq Teatrının “Nəsimi ili”nə töhfəsini təqdir etdilər.

İncəsənət gimnaziyasının şagirdləri ilə Bakı Uşaq Teatrının “Günay” rəqs studiyasının muğam ifaları və rəqsləri mükafatlandırma mərasiminə xüsusi ovqat qatdı.

Nəhayət, münsiflərin qərarı açıqlandı. Bakı Uşaq Teatrının aktyorları Niyaz Qasımov, Könül ŞahbazovaŞahin Kazımov “Ya-hu” kompozisiyası ilə I yeri qazandılar. Teatrın aktyoru Mehman Piriyev və Mədəniyyət və İncəsənət Universitetinin tələbələri II yeri paylaşdılar. Üçüncü mükafatı isə üç ifaçı qazandı: Akademik Musiqili Teatrın aktyoru Əmrah Dadaşov, Bakı Uşaq Teatrının aktrisası Gülər Ləzgiyeva, yenə də bu teatrın təmsilçiləri Arzu Soltan və Cəlal Baba. 

* * *

Bakı Uşaq Teatrının “Nəsimi ili – Nəsimi dili” festivalı başa çatdı. Biz isə ölkənin digər teatrlarının Nəsimi irsinə ehtiramını və töhfəsini gözləyirik...

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.1;3.