Akademik Rus Dram Teatrının səhnəsində “Şeytan əməlləri”nin premyerası keçirilib

 

Aprelin 13-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Şeytan əməlləri” tamaşasının premyerası olub.

Böyük maraqla gözlənilən səhnə əsərinin ilk nümayişini izləməyə gələnlər arasında dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri vardı.

Xalq yazıçısı Elçin tamaşadan öncə jurnalistlərə müsahibəsində deyib: “Uzun illərdir ki, mən Azərbaycan və rus dram teatrlarının kollektivləri ilə sıx əməkdaşlıq edirəm. Bu teatrlar mənim pyeslərim üzrə yüksək səviyyədə tamaşalar hazırlayır. Rus Dram Teatrında əvvəllər mənim pyeslərim əsasında 7-8 tamaşa səhnəyə qoyulub. “Şeytan əməlləri” son əsərlərimdən biridir. Bu, absurd janrında yazılmış ilk pyesin quruluşudur. Bu janr incəsənətdə ayrıca müstəqil istiqamətdir. Tamaşaya quruluşu Finlandiyada yaşayan istedadlı rejissor Kamran Şahmərdan verib. Biz əməkdaşlıq üçün onu müntəzəm olaraq dəvət edirik. O, həmçinin mənim eyniadlı pyesim əsasında səhnələşdirilmiş “Cəhənnəm kirayənişinləri” tamaşasının quruluşçu rejissorudur”.

Rejissor Kamran Şahmərdan jurnalistlərə tamaşa üzərində prosesindən danışıb: “Şeytan əməlləri” əsərində əbədi və bütün zamanlar üçün aktual olan xeyir və şər mövzusu qaldırılır. Absurd janrı Azərbaycan teatrı üçün yenidir. Biz çox çalışıb, çox düşünmüşük. Mən Elçinin yaradıcılığına ilk dəfə deyil ki, müraciət edirəm və əminəm ki, bu tamaşa da uğur qazanacaq”.

SonraŞeytan əməlləri” tamaşası nümayiş etdirilib. Böyük maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Məbud Məhərrəmov, Əməkdar artist Mələk Abbaszadə, Əməkdar mədəniyyət işçisi Rüfət Nəzərov, aktyorlar Teymur Rəhimov, Zaur Terequlov, Rumiyyə Ağayeva və başqaları ifa ediblər.

Tamaşanın dekorasiyageyim rəssamı Valeri Polunovski (Rusiya), musiqi tərtibatçısı Vladimir Neverov, videoinstalyasiyaçı Aqil M.Quliyev, xoreoqraf Kamilla Hüseynovadır.

Qeyd edək ki, Xalq yazıçısı Elçinin ümumi tirajı 5 milyon nüsxə olan kitabları 20-dən çox xalqın dilinə tərcümə edilib, dünyanın bir çox ölkələrində nəşr olunub. O, bir sıra roman, pyes və hekayələrin müəllifidir. Elçinin ssenarisi əsasında “Baladadaşın ilk məhəbbəti” (1974), “Arxadan vurulan zərbə” (1977), “Gözlə məni” (1980), “Gümüşü furqon” (1982), “Bağ mövsümü” (1985), “Hökmdarın taleyi” (2008) və digər ekran əsərləri lentə alınıb.

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.3.