Filarmoniyada mahnı və rəqs axşamı

 

 

 

Aprelin 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının konserti oldu.

Ansamblın bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, xormeyster Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi rəhbəri Əməkdar artist Etibar Qasımbəylidir.

Konsertdən öncə kollektivin bədii rəhbəri Ağaverdi Paşayev çıxış edərək bildirdi  ki, bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyası bir daha rəqsin ixtiyarına verilib. Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı yeni  proqramla, yeni quruluşdabir neçə yeni ifa ilə tamaşaçıların qarşısında çıxış edəcək. Bədii rəhbər onu da dedi ki, kollektivə bir neçə gənc rəqqas qəbul etmişik: “Proqramımızda olan, lakin son 15-20 ildə ifa olunmayan rəqslərə yeni həyat və nəfəs vermişik. Həm də kollektivdə yeni baletmeyster fəaliyyət göstərir. Bunu da  onun hesabat konserti kimi qəbul edirik. Əminəm ki, konsert tamaşaçıların xoşuna gələcək”. 

Konsertdə bəstəkarlar Cahangir Cahangirov, Ramiz Mustafayev, Tofiq Quliyev, Səid Rüstəmov, Emin Sabitoğlu, Razim PaşayevinBulaq başında”, “Gözəllik nəğməsi”, “Coş, dənizim”, “İntizar”, “Tez gəl”, “Süzən qızlar”, “Gözəldi”, “Bu sevgidə kim uduzdu, kim uddu” əsərləri, “Şələqoy”, “Qavalla rəqs”, “Yallı”, “Laqquta”, “Nazlana-nazlana” və s. xalq rəqsləri ifa olundu.

Rəqqasələrdən Xalq artisti Cəmilə Bayramova, əməkdar artistlər Günel Şeyxova, Nigar Ramazanova, Viktoriya Şahmuradova, oğlanlardan ibarət rəqs qrupunun üzvlərindən Ramin Hüseynov, Nicat Mirzəyev,  müğənnilərdən əməkdar artistlər Almaz Orucova, Ehtiram HüseynovTeleviziya Muğam Müsabiqəsinin diplomantı Rəvanə Qurbanovanın çıxışları alqışlarla  qarşılandı.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.2.