Konsert proqramları

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 4 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Baş idarədən bildirilib ki, konsertdə şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, həmçinin xalq rəqslərini, kinofilmlərdən musiqilər ifa ediblər. Məktəbi beynəlxalq müsabiqələrdə təmsil edən yetirmələrin ifası konsertə xüsusi rəng qatıb.

Sonda məktəbin direktoru Kəmalə Həşimova çıxış edərək şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

* * *

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib.

Filarmoniyadan bildirilib ki, solistləri Natəvan Həsənova (kanon), Cabir Əliyev (truba), Mənzər Arzumanzadə (fortepiano) və Şirin Əmiraslanova (fortepiano) olan konsert dirijor Orxan Haşımov tərəfindən idarə olunub.

Proqramda dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət edilib.

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.5.