Bu kitabları yazdıran məhəbbətdir

Xalq yazıçısı Elmira Axundovanın ulu öndər haqqında üçcildliyi Ankarada təqdim edilib

 

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında türk dilində nəşr olunmuş Heydər Əliyev: Şəxsiyyət və zaman, Heydər Əliyev: Kremldə beş il və Heydər Əliyev: Qayıdış üçcildliyinin aprelin 16-da Ankara şəhərində təqdimatı keçirilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən nəşrlərin əhəmiyyətindən danışıb.

Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, təqdim olunan üçcildlik ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən ən dəyərli nəşrlərdəndir. O, kitablarda əksini tapan faktların, arxiv sənədlərinin rəvan yazı üslubunda qələmə alınmasını xüsusi qeyd edib.

Əli Həsənov bildirib ki, Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətləri arasında layiqli yer tutan liderdir. Ulu öndərin söylədiyi Biz bir millət, iki dövlətik və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dediyi Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir kəlamları bu gün Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri əsasında özünü tam şəkildə doğruldur. Üçcildliyin Türkiyə oxucularına çatdırılmasının ən böyük önəmi budur ki, Heydər Əliyev Azərbaycanda olduğu qədər də qardaş ölkədə sevilir və məhəbbətlə yad olunur. Türkiyə oxucuları bu əsərlər vasitəsilə Heydər Əliyev şəxsiyyəti barədə daha mükəmməl informasiyalar əldə edə biləcəklər.

Çıxışında iki ölkənin qardaşlıq münasibətlərindən söz açan Türkiyə xarici işlər nazirinin müavini Səlim Yavuz Kıran vurğulayıb ki, Heydər Əliyevin qurduğu dövlət Azərbaycan xalqına əmanətdir. Onun qorunması Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də əhəmiyyət daşıyır. Nazir müavini əminliklə vurğulayıb ki, təqdim olunan kitablar Türkiyədə böyük oxucu rəğbəti qazanacaq.

Tədbirdə daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünüvar çıxış edərək Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsində tarixi xidmətlərindən bəhs edib, təqdim olunan kitabların önəmini vurğulayıblar. Qeyd olunub ki, bu kitablar tarixin əsl daşıyıcısıdır.

Əsərlərinin yüksək səviyyədə təqdimatına görə təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə edən Xalq yazıçısı Elmira Axundova bildirib ki, yazdığı əsərin iki qəhrəmanı var: Heydər Əliyev və zaman. Üçcildliyin ön sözünün müəllifi görkəmli qazax yazıçısı Oljas Süleymenov qeyd edir ki, bu kitabları yazdıran məhəbbətdir. Mən, həqiqətən də, qəhrəmanımı sevirəm və istəyirəm ki, üçcildliklə tanışlıqdan sonra sizin qəlbinizdə də böyük Heydər Əliyevə eyni duyğular kök salsın, - deyə E.Axundova bildirib.

Qeyd edək ki, türkdilli oxuculara təqdim olunan üçcildlik roman-tədqiqat ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə münasibətlər, Dövlət Təhlükəsizliyi Komitəsinin arxivlərindəki, Prezidentin şəxsi arxivindəki sənədlər əsasında yazılıb. Əsərləri türk dilinə Azad Ağaoğlu tərcümə edib. Kitablar TEAS Press nəşriyyat evi tərəfindən çap olunub.

Sonda Elmira Axundova kitablarını öz imzası ilə tədbir iştirakçılarına təqdim edib.

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.4.