“Sazın səsi haqq səsidir”

 

 

Aşıq sənətinin UNESCO siyahısına salınmasının 10 illiyi münasibətilə gecə keçirildi

 

Ulu aşıq sənətimizin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 ili tamam olur. Bu barədə qərar UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2009-cu ilin 28 sentyabr - 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında qəbul olunub.

Aprelin 19-da Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşən “Sazın səsi haqq səsidir” adlı söz, sənət gecəsi də bu əlamətdar hadisənin yubileyinə həsr olunmuşdu.

Tədbirdə çıxış edən AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bu əlamətdar fakt münasibətilə aşıq sənəti vurğunlarını təbrik elədi. Dünyanın müxtəlif ölkələrində UNESCO səviyyəsində keçirilən mərasimlərdə Azərbaycan aşıq sənətinə verilən yüksək qiyməti bütövlükdə xalqımızın milli-mənəvi dəyərlərinə olan hörmət kimi səciyyələndirdi.

Məhərrəm Qasımlı bu gün 13 qeyri-maddi mədəni irs nümunəmizin mötəbər təşkilatın müvafiq siyahılarında yer aldığını dedi, bu işdə Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rol oynadığını vurğuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi mədəniyyət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərə qayğı göstərir: “Dövlət başçısının 13 mart tarixli “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə Aşıqlar Birliyinə də vəsait ayrılıb. Bu gün ölkəmizdə aşıq sənətinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən sənətin gənc və yeniyetmələr arasında yaradıcılıq səviyyəsində təbliği istiqamətində mühüm işlər görülür. Xarici ölkələrdə aşıq sənəti ilə bağlı təqdimatlar, konsertlər keçirilir”.

Bu sənətin yaşadılmasında iki dəfə keçirilən beynəlxalq aşıq festivalının əhəmiyyətindən də söz açan birlik sədri bu tədbirlərdə dünyanın bir sıra ölkələrindən nümayəndələrin təmsil olunduğunu dedi. Vurğuladı ki, bütün bunlar, digər sənət sahələri kimi, aşıq sənətinin də dövlətin diqqət mərkəzində olmasının göstəricisidir: “Son 10 ildə yeni nəsillər bu sənətə xüsusi həvəs göstərməyə başladılar. Bundan öncə Aşıqlar Birliyinin yeniyetmə və gənclərdən ibarət əhatə dairəsi o qədər də geniş deyildi. Bu gün onların sayı 300-ü ötübböyük şövq və istəklə ulu sənətə yiyələnirlər”.

Məhərrəm Qasımlı birliyin fəaliyyətindən də bəhs etdi, AAB-nin “Çeşmə” folklor qrupu, “Aşıq Pəri məclisi”, “Ruhani” sazçı qrupu və digər kollektivlər haqqında danışdı, onların yaradıcı potensial, yeni ruh aşılayan nümunələr sərgilədiklərini dedi. Professor çıxışının ardınca səslənəcək el havalarının, oxunacaq aşıq şeiri nümunələrinin bütünlükdə bu sənəti yaşadanların hesabatı olduğunu vurğuladı.

Yubiley tədbirinin konsert hissəsi zəngin oldu. Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyiÇeşməfolklor qrupunun ifasındaBayrağım” (“Cəngi Koroğlu”), “Cəlilihavası üstündə “Bu yerlərhavaları səsləndi. Aşıqlar növbə ilə səhnədə igidliyi tərənnüm edən saz havalarını təqdim etdilər. Bundan əlavə, sazsevərlərOrdubadi”, “Dilqəmi”, “İrəvan çuxuru”, “Göyçə gülü”, “Şirvan müxəmməsi”, “Şahsevənikimi fərqli havaları da alqışladılar.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.1-2.