Öz işindən zövq alanda...

 

 

İnsanın öz işinə sevgi və məsuliyyətlə yanaşması uğurunun təminatıdır. Bəzən düşünürsən ki, hər hansı bir yaradıcı insan ərsəyə gətirdiyi əsərlə ömrünə sevinc qatır. Bəs dəqiq sahələr üzrə fəaliyyət göstərən peşə sahiblərində bu hal necə olur?

Bunun ən gözəl örnəyini uzun illərdir “Mədəniyyət” qəzeti redaksiyasında baş mühasib vəzifəsində çalışan Əliyeva Minayə Nazir qızının timsalında görmüşük. O, sevdiyi peşəsindən, 40 ilə yaxındır gördüyü işdən həmişə zövq alıb.

Aprelin 19-da qəzetin redaksiyasında ömrünün 65-ci baharı ilə qovuşan Minayə xanımın yubiley günündə bu fikirlər xüsusi vurğulandı.

“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev yubilyarı təbrik etdi: “Sizin daha böyük yubileyləriniz hələ qarşıdadır. Bu ildönümüonlar üçün bir başlanğıcdır. Sizə hər şeydən öncə möhkəm cansağlığı diləyirəm”.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi İctimaiyyətlə əlaqələr və mətbuatla sektorunun müdiri Türkan Cəfərova Minayə xanımı işinin peşəkarı kimi xarakterizə etdi, onilliklərlə davam edən belə peşəkar fəaliyyətin gənclər üçün örnək olduğunu dedi. Sektor müdiri yubilyarı Mədəniyyət Nazirliyi adından təbrik edərək, sağlıqlı və uzun ömür arzuladı.

İctimaiyyətlə əlaqələr və mətbuatla sektorunun əməkdaşı Məftun Kərimov və redaksiya kollektivinin üzvləri də yubilyara xoş arzularını çatdırdılar.

Göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirən Minayə Əliyeva uğurlu fəaliyyətində zəhmət və məsuliyyətilə yanaşı, mehriban kollektivinmühüm rol oynadığını vurğuladı.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.7.