Nadir xalça

 

 

Çox vaxt adama elə gəlir ki, yaranma tarixi yüz illərlə ölçülən xalçaçılıqda hər şey deyilibonun insan ağlını ovsunlayan kompozisiya həllinə və naxış örtüyünə nə isə əlavə etmək mümkünsüzdür. Bunu elə bu sahənin çox rəvan davam edən təşəkkül tarixi də təsdiqləyir.

Amma ötən yüzilliyin son qərinəsində bir neçə xalçaçı-rəssam bunun heç də belə olmadığını sübut etdi. Bu mənada iki sənətkarın – bu sahədə zəngin təcrübəsi olan Cəfər Mücirinin (1919-2001) və o vaxtlar çox gənc olan Eldar Mikayılzadənin (1956) yaratdıqları və ictimailəşdirdikləri xovlu xalçaların adını çəkmək olar. Maraqlısı gənc olmasına baxmayaraq E.Mikayılzadənin bu sahənin ənənəviləşən bədii tutumuna “Şəbi-hicran” (1981) xalçası ilə duyulası yenilik gətirməsi, bu sənətin bədii-texnoloji xüsusiyyətlərinin incəliyinə bələd olan Cəfər müəlliminsə müəllifi olduğuSaib Təbrizi” (1977) xalçasını qeyri-ənənəvi texnologiya ilə gerçəkləşdirməsi idi. Hər iki unikal sənət nümunəsi elə yaradıldığı vaxtdan xalçaçılıq məkanında hadisəyə çevrildi, desək, yanılmarıq. C.Mücirinin xalçası 1980-ci ildə Özbəkistanda keçirilən ədəbiyyat və incəsənət dekadasında çox tələbkar sənət xiridarlarını heyrətləndirmiş, E.Mikayılzadənin əsəri isə Bakıda keçirilən (1983) Şərq xalçaları üzrə beynəlxalq simpozium iştirakçılarının böyük marağına səbəb olmuşdu.

Təbii ki, bu əsərlərin heyrət qaynağına çevrilməsi səbəbsiz deyildi. Başlıcası isə, hər iki halda  məlum olanlara yenilik gətirmək istəyi mövcud idi.  Ötən il yüksək sənətkarlığına və xalçaçılıq sənətinin inkişafına verdiyi töhfələrə görə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adına layiq görülmüş E.Mikayılzadənin sənəti barədə oxucularımızın müəyyən informasiyası olduğundan, bu gün artıq dünyada olmayan C.Mücirinin sənət dünyası – unikallığı birmənalı olanSaib Təbrizi” xalçası haqqında söz açmağa ehtiyac duyduq...

Doğrudan da Cəfər Mücirinin ərsəyə gətirdiyi bu xalçada tətbiq etdiyi texnologiya bizə milli bədii məkanda məlum olan bədii-texniki vasitələrə yeniçox orijinal baxışın mövcudluğunu sərgiləmişdir. Belə ki, o, müasir dünya və Azərbaycan xalçaçılığında ilk dəfə yunun öz təbii rənglərinin müxtəlif çalarlarından məharətlə istifadə edərək gözəl sənət əsəri yaratmışdır (xalçanın ölçüsü 120x80 sm, sıxlığı 60x60-dır). Azərbaycan poeziyasına  bütün varlığı ilə bağlı olan, hərdən də şeirlər yazan sənətkar xalçanı XVII əsrdə yaşayıb-yaratmış şair Saib Təbriziyə həsr etmişdir. Xalqımız obrazlı ifadənin qədir-qiymətini yaxşı bilir. Zamanında müəllifin də dediyinə görə, şairin ilhamverici sətirləri bu xalçanın yaranmasını bir qədər də tezləşdirmişdir.

Xalçanın kompozisiyası klassik “ləçək-turunc” qaydasında həll edilib. Ornamental dekor Təbriz xalçaçılıq qrupu ənənələrinə uyğun işlənilib. Haşiyənin əsas naxışları içərisində quşbaşı formasında işlənmiş “islimi”lər diqqəti cəlb edir. Ümumiyyətlə, ləçəklərin və turuncların yaranmasında daislimi” naxışlarından yaradıcılıqla istifadə olunub.

Kompozisiyanın yuxarı hissəsində şairin adı yazılmışdır. Xalçanın yerliyində S.Təbrizinin “Bahariyyə” və tərbiyəvi əhəmiyyətə malik olan qəzəllərindən parçalar həkk olunmuşdur. Gözəl nəstəliq xəttiylə yazılmış bu şeirlərdən birində deyilir:  “Əgər xalqın gözündə qiymətli və şirin olmaq istəyirsənsə, onda sədəf və mirvari kimi dənizlərin, okeanların acısına, dalğasına dözməlisən”. Şeirlərin uğurlu kompanovkası öz-özlüyündə naxış elementinə çevrilmişdir. Digər bir şeirin də məzmunu maraqlıdır: “Əgər günəş kimi hümmətin və işıqlı ürəyin olmasa, özünü onun yarandığı səhər kimi təmiz, şəffaf və nurlu edə bilməzsən”.

Xalçanın koloriti qoyun, dəvə və keçi yunlarından əyirilmiş qara, qonur, boz, rəngli iplərin təbii rənglərindən alınmışdır. Xalçaçı rəssamın təbii iplik üçün soraqlaşmadığı yer qalmayıb. Düz on ilə yaxın çoxdan ürəyində gəzdirdiyi çeşnini həyata keçirmək üçün lazım olan ipləri axtarıb. Axtarışlarının bir ucu Orta Asiya respublikaları, bir ucu da Dağıstan, Naxçıvan, Qarabağ və respublikamızın başqa rayon və kəndlərində olub. Özü də axtarıb, dost-tanışları da. İmkan çərçivəsində köməklik göstərməyə çalışıblar, hamı da işin sonunu maraqla gözləyib. Xalça müəyyən fasilələrlə təxminən bir ilə müəllifin özü tərəfindən toxunub tamamlanmışdır...

Böyük zəhmət, gərgin axtarış, səbir tələb edən bu cür xalçanın toxunması Azərbaycan xalçaçılıq sənətinin böyük imkanlara malik olduğuna daha bir sübutdur. Əlbəttə, “Saib Təbrizi” xalçasının toxunmasının çətinliyi təkcə müxtəlif rəngli təbii iplərin toplanmasında deyildir. Əsl çətinlik, biz deyərdik ki, ustalıq məhz bu rənglərin imkanlarını nəzərə alıb, ona uyğun gələn kompozisiyanın-çeşninin yaradılması, müvafiq rəng həllinin tapılmasıdır. Cəfər Müciri bu işin öhdəsindən bacarıqla gəlmişdir. Qənaətimizcə, onun milli xalçaçılığımızın tarixini, bədii-texniki xüsusiyyətlərini dərindən bilməsi, bu yöndə kitablar (“Azərbaycan xalçaçılığı” və “Azərbaycan xalçaçılığının texnoloji üsulları”) yazması və “Təbriz xalçaçılıq məktəbinin bədii xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə etməsinin də “Saib Təbrizi”nin ərsəyə gəlməsində duyulası rolu olmuşdur.

Yeri gəlmişkən, qeyd edək ki, Cəfər Müciri yaradıcı sənətkar olmuşdur. Toxuduğu xalçalar (“Ləçək-turunc”, “Silsiləvi-ləçək”, “Məhəmməd Füzuli”, “Nəriman Nərimanov”, “İki tale” və s.), eləcə də çeşnilərini tərtib etdiyi digər xalça nümunələri öz kompozisiyaları, rəng həlli, naxış elementləri ilə başqalarından seçilir. Onun yalnız özünəməxsus dəst-xətti vardır, desək, həqiqəti söyləmiş olarıq. Orta əsr Azərbaycan xalçaçılığına mənsub olan “çərxi”, “nəcaxlı”, “beş yarpaq”, “qaragöz” və s. naxış elementlərini yaradıcılıqla öz kompozisiyalarına daxil edən sənətkar həqiqi mənada xalçaçılığımıza yeni elementlər gətirmiş, onu daha da zənginləşdirmişdir. Bu mənada o, bir alim-sənətkar kimi əbədiyyətə qovuşdu. Onu ehtiramla xatırlamağımız da bunu bir daha təsdiqləyir...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.7.