“Hüsnü-cəmal, əqli kamal

 

 

İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

 

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Nəsiminin Azərbaycan ədəbiyyatı tarixində yerindən, şairin fəlsəfi poeziyasından söhbət açıblar.

Bildirilib ki, şairin 650 illiyinə həsr olunmuş silsilə tədbirlərdə ali məktəb tələbələri də yaxından iştirak edir, təhsil ocaqlarında Nəsimi yaradıcılığı ilə bağlı müxtəlif layihələr reallaşır. Müsabiqənin məqsəd və əhəmiyyəti haqqında danışan rektorlar tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra “Hüsnü-cəmal, əqli kamal” bədii qiraət müsabiqəsində I, II və III yerləri tutan tələbələrə diplomlarpul mükafatları təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra təqdim olunan ədəbi-musiqili proqramda xalq artistləri Gülyanaq Məmmədova və Teyyub Aslanovun ifasında İmadəddin Nəsiminin qəzəllərindən ibarət muğam parçaları, eləcə də müsabiqə qalibləri və laureatları olan tələbələrin ifasında dahi şairin şeirləri səslənib.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.4.