Azərbaycanla Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb

 

 

 

Aprelin 24-də Budapeştdə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əlivevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə dövlət katibi xanım Orsolya Paçay-Tomaşiç arasında görüş keçirilib.

Görüşdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov iştirak ediblər.

Milli Kitabxanadan bildirilib ki, nazir müavini Vaqif Əliyevin Macarıstana səfəri çərçivəsində reallaşan görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın geniş spektri müzakirə edilib, mədəniyyət sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Xanım Orsolya Paçay-Tomaşiç Azərbaycan nümayəndə heyətini salamlayaraq, təmsil etdiyi nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, İnsan Resursları Nazirliyi mədəniyyət, təhsil, sosial məsələlər, gənclər, idman sahələrini əhatə etməklə Macarıstanın ən böyük nazirliyidir. O, Azərbaycan nümayəndə heyəti ilə görüşün sadalanan sahələr üzrə aktual məsələlərin müzakirəsi baxımından səmərəli olacağına əminliyini bildirib, imzalanacaq əməkdaşlıq proqramının mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün vacib bir yol xəritəsi olacağını söyləyib.

Hazırda Macarıstanın təqdim etdiyi təqaüd proqramı çərçivəsində 600-dən çox azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını deyən dövlət katibi bu gənclərin təhsillərini başa vurduqdan sonra iki ölkə arasında əlaqələrin inkişafına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.

Macarıstanla türkdilli ölkələr arasında münasibətlərə toxunan dövlət katibi hazırda ölkəsinin istər ikitərəfli əsasda, istərsə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı, TÜRKSOY kimi təşkilatlar çərçivəsində bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu deyib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev səmimi qəbul üçün Macarıstan tərəfinə minnətdarlığını ifadə edərək, iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq və dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. O, aparılan fikir mübadiləsinin iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına töhfə verə biləcəyinə ümidvar olduğunu deyərək, bu istiqamətdə hər iki tərəfdən nümayiş etdirilən xoş məramın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Hazırda iki ölkənin bir sıra böyük mədəniyyət müəssisələri arasında, o cümlədən Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Kitabxanası arasında memorandum mövcuddurbu sahədə müəyyən işlər görülür. Bu gün imzalanacaq proqram sənədi dövlət səviyyəsində bu əlaqələrin daha da səmərəli təşkilinə yönələcəkdir”.

Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin vacibliyinə diqqət çəkən Vaqif Əliyev xanım Orsolya Paçay-Tomaşiçi Azərbaycana səfərə dəvət edib.

Görüş əsnasında həmçinin son dövrlər Azərbaycanda gedən hərtərəfli inkişaf prosesləri barədə qarşı tərəfi məlumatlandıran Vaqif Əliyev məhz bunun nəticəsində Azərbaycanda çoxsaylı millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində, sabitlik mühitində yaşadıqlarını qeyd edib, multikulturalizm nümunəsi ilə dünyada tanınan ölkəmizin son illər bir çox beynəlxalq əhəmiyyətli mədəni və idman tədbirlərinə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Sonra Vaqif Əliyev və Orsolya Paçay-Tomaşiç “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq Proqramı”nı imzalayıblar.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.3.