“Bu festival tariximizə, adət-ənənələrə bağlılığın təcəssümüdür”

 

Gədəbəydə ilk dəfə keçirilən Milli Yaylaq Festivalı müxtəlif ölkələrdən gələn qonaqlarda da böyük maraq doğurub

 

Xəbər verdiyimiz kimi, ölkəmizdə yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib.

Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının dəstəyi ilə gerçəkləşib.

Gədəbəy rayonundakı Düzyurd-Miskinli yaylağında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.

Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iştirakçıları salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas məqsədin Azərbaycan xalqının zəngin mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında festivalın önəmindən danışıb. Qeyd edib ki, çoxsaylı qonaqların ilk dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması bu layihənin gələcəyindən xəbər verir. Nazir Azərbaycanın multikultural ölkə olduğunu vurğulayıb: “Milli Yaylaq Festivalının təşkil olunması Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə bağlılığının, dəyər verməsinin təcəssümüdür. Festivala qonşu ölkələrdən qonaqlar təşrif buyurublar. Bu tədbir təkcə Gədəbəyin deyil, Azərbaycanın gözəlliklərini, onun diyarlarını, təbiətini nümayiş etdirmək üçün bir fürsətdir. Hesab edirəm ki, festival iştirakçıları Gədəbəyin füsunkar təbiətinə heyran qalacaq və bu regionun daimi qonaqları olacaqlar. Bu festival, həmçinin Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir. Bu tədbirdə ölkəmizlə yanaşı, Türkiyənin aidiyyəti qurumları da təşkilatçıdır. Milli Yaylaq Festivalı eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü və nümayişidir”.

TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki festivalın təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb. Qeyd edib ki, ilk festivala çoxsaylı iştirakçının, o cümlədən yerli və xarici turistin qatılması bu layihənin davamlı olacağından və öz məqsədinə çatacağından xəbər verir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanılmasında oynayacağı roldan danışıblar.

Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan deyib: “Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına güclü dəstəyin olduğunu göstərir. Mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik. Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar. Hər bir xalq, millət öz milli idman növlərini yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir. Biz Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman növləri sahəsində çalışan bütün qurumlarla çox yaxından əməkdaşlıq etmək istəyirik. Bugünkü gün bu baxımdan xoş bir başlanğıc olsun”.

 

***

Açılış mərasimindən sonra tədbir iştirakçıları festivalda nümayiş olunan adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər. Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə alaçıqlarla yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud ocağı” (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər ocağı”, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.

Növbəti gün davam edən el şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların diqqətini çəkib.

Festival iştirakçıları aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), tamaşaları, qədim xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub.

Meydana daxil olan çaparların Qarabağ atları ilə şousu alqışlarla qarşılanıb. Bir tərəfdə at yarışları, atüstü milli oyunlar, milli güləş, çoban güləşi, zorxana, oxatma yarışları keçirilib, digər tərəfdə isə qonaqlar və turistlər arasında kütləvi oyun-yarışlar təşkil olunub.

Festivalın eko-etnoturizm hissəsində turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq və adi kənd həyatını yaşamaq – mal-qara otarmaq, ot biçmək, taya düzəltmək, atlara qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə məşğul olmaq, milli xörəklər bişirmək kimi imkanlar yaradılıb.

Həmçinin bölgənin görməli yerlərinə – Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri ekskursiyalar təşkil olunub.

Festivalın üçüncü – sonuncu günü də maraqlı anlarla yadda qalıb. Ölkəmizdə yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları festivalın bayram ovqatına əlavə rəng qatıb.

Tədbir çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunan xalçalar da nümayiş etdirilib, xüsusi ayrılmış guşədə hana qurulub, xalça toxunub. Ayrı-ayrı milli xalça qruplarına aid olan xalçalar festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Burada həmçinin xalçaçılıq tariximizdən bəhs edən, “Azərxalça”nın fəaliyyətini əks etdirən kitablar, kataloqlar, broşürlər də sərgilənib.

Festivalın sonunda iştirakçıların keçidi və mükafatlandırma mərasimi olub. Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vurulub. Beləliklə, ilk dəfə reallaşan layihə əsl bayram tədbirinə çevrilib və minlərlə iştirakçı üçün ən xoş anlarla yaddaşlara həkk olunub.

 

 

Mədəniyyət.- 2019.- 1 avqust. S. 1;4.