Sənət hər yerdə sənət olmalıdır...

 

 

Hələ “dəmir pərdə”nin qalxmadığı zamanlarda aramızdan Avropaya yolu düşənlər gəzdikləri yerlər, gördükləri şəhərlər barədə təəssüratlarını bölüşəndə küçədə, daha çox şəhərlərin qədim  məhəllələrində, nəqliyyat üçün bağlı ərazilərində rəsm çəkən, musiqi ifa edən, pantomim tamaşası göstərən sənətçilərin olduğunu xüsusi qeyd edərdilər.

 

Dövran dəyişdi və xarici ölkə təəssüratlarımızda daha belə məqamlara təəccüblənmirik. Çünki artıq küçə sənətçisi anlayışı bizdən ötrü adiləşib.

 

Bəs biz son illər turist bumu yaşayan, müxtəlif beynəlxalq tədbirlərə  ev sahibliyi edən Bakının mərkəzi küçələrində, meydanlarında hansı sənətçilərlə rastlaşırıq? Onların nümayiş etdirdiyi sənət Azərbaycan incəsənəti barədə hansısa bilgini verib münasibət formalaşdırırmı?

 

İyulun 26-da Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” layihəsini təqdim etdi. Tədbirdə çıxış edən Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov layihə barədə geniş məlumat verdi. Diqqətə çatdırıldı ki, layihədə iştirak üçün ilkin seçim mərhələsi sentyabr ayında başlayacaq. Layihəyə qoşulmaq istəyən sənətçilər də mərkəzə müraciət etdikdən sonra nəzərdə tutulmuş vaxtdaayda bir dəfə kastinqə dəvət ediləcəklər. Seçim mərhələsində bacarıq və istedadı ilə fərqlənənlər qədim “Torqovı” (“Ticarət”) adı ilə daha çox tanınan Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı bulvar ərazisində çıxış etmək imkanı qazanacaqlar.

 

Mərkəz tərəfindən küçə sənətçilərinə verilən rəylər 3 ay müddətində qüvvədə qalacaq. Bu müddət başa çatdıqdan sonra sənətçilər Bakı Turizm İnformasiya Mərkəzinə yenidən müraciət edərək rəyi təzələyərək öz fəaliyyətlərini davam etdirə bilərlər. Dövlət qurumlarının dəstək olduğu layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.

 

AvropaAmerika ölkələrində çoxdan, qonşu ölkələrdə isə bir neçə ildən bəri tətbiq edilən bu növ əyləncələr, küçə şouları təcrübəsi göstərir ki, belə layihələr həmişə müsbət nəticə verir. Əslində, küçədə performans göstərənlər, xüsusilə aktyor və musiqiçilər xarici qonaqlar üçün Azərbaycan incəsənətini müəyyən mənada nümayiş etdirən ifaçılar olmaqla bərabər, həm də müxtəlif sənət ocaqları, prodüserlər üçün potensial sənətçi-kadr sayıla bilərlər. Odur ki, “Küçə sənətçiləri” layihəsinin bu baxımdan əhəmiyyəti böyükdür. 

 

Layihəyə qoşulmaq istəyənlər marketing@salambaku.travel elektron poçtuna müraciət ünvanlaya bilərlər.

 

G.MİRMƏMMƏD

 

 

Mədəniyyət.- 2019.-  2 avqust.- S.5.