40 yaşlı “Babək”in sirri
Belə bir deyim var ki, “mədəniyyət var – xalqa yaxınlaşdırır, mədəniyyət var – xalqdan uzaqlaşdırır”. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan kinematoqrafçıların məqsədi, məramı da çəkdikləri ekran əsərləri vasitəsilə məhz kinonu xalqa yaxınlaşdırmaq, ekran qəhrəmanlarını insanlara sevdirməkdir. “Sənət xalq üçündür” devizi altında çalışan kino xadimlərinin ərsəyə gətirdikləri bir çox filmlər məhz bu baxımdan günümüzdə də sevilir, o cümlədən gənc nəsil tərəfindən bəyənilir, baxılır. Ekranlara çıxdığı gündən geniş tamaşaçı auditoriyası toplayan, məna dəyərini itirməyən dəyərli filmlərimizdən biri də görkəmli rejissor, Xalq artisti Eldar Quliyevin 1979-cu ildə quruluş verdiyi “Babək” tarixi-bioqrafik filmidir.
Filmdə Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə Babəkin həyat və döyüş yolu öz əksini tapıb. İkiseriyalı, dövrünün çoxbüdcəli filmi olan tarixi ekran əsəri ümummilli liderimiz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində ərsəyə gəlib. Məhz Heydər Əliyevin təqdimatı əsasında SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin ayırdığı 600 min rubla əlavə olaraq Azərbaycan Nazirlər Soveti də 1 milyon rubl məbləğində vəsait ayırmışdı. Filmdə həmin dövrə aid olan əlbəsə və rekvizitlər Azərbaycanla yanaşı Gürcüstanda, habelə Daşkənddə, Moskvada hazırlanmış, 16 fabrik film üçün 1500 dəstdən artıq paltar tikmişdi. Həmçinin Moskvadan “Mosfilm”in “süvari alayı”, eyni zamanda Naxçıvandakı sərhəd qoşunlarının əsgərləri çəkilişlərə cəlb edilmiş, əsasən də döyüş kadrlarının çəkilişləri zamanı 4-5 min nəfər iştirak etmişdi. Bədii və texniki cəhətdən filmin qüsursuzluğunu təmin edən istedadlı və böyük potensiallı kollektivin cəmləndiyi film təkcə bir il ərzində 35 milyon tamaşaçı toplamış, 60-a yaxın ölkə tərəfindən alınmışdı.
Filmin bütün zamanlarda sevilməsinin başlıca səbəblərindən biri də klassik kino estetikasını özündə əks etdirməsidir. Tamaşaçıları uzaq tarixi keçmişin müasirinə çevirən film yaradıcı heyətin böyük zəhməti hesabına ərsəyə gəlib. Kinonu həyatiləşdirmək, tamaşaçını uzaq keçmişdə baş verən hadisələrə inandırmaq o qədər də asan deyil. Filmin rejissorunun, operatorunun, bəstəkarının, rəssamının həyatla əlaqəsi, tamaşaçılara olan diqqəti, yaradıcı heyət və seyrçi arasında qurduğu yaradıcılıq ünsiyyəti, müşahidə və hər dövr hadisələrini ekranda təhlil etmə qabiliyyəti sənətkarlıq meyarını ortaya qoyub. Bu kimi yüksək keyfiyyətlərin cəmində isə yaradıcı heyət cəmiyyətin nəzərində dövrünün qabaqcıl adamları olaraq sevilib, seçilib, məşhurlaşıb.
Film Azərbaycan kinosunun inkişafında mühüm xidmətləri olan, özünəməxsus dəst-xətti ilə seçilən görkəmli rejissor Eldar Quliyevin kinoda böyük nailiyyətidir. Yazıçı-dramaturq Ənvər Məmmədxanlının ssenarisi əsasında çəkilən filmin quruluşçu operatoru Əməkdar incəsənət xadimi, görkəmli kinooperator, kinorejissor Rasim İsmayılovdur.
Filmin ilk kadrlarından
operator peşəkarlığı özünü göstərir. Döyüş səhnələrinin çəkilişləri
və təbiət mənzərələri Naxçıvanda,
bəzi hissələr
Bakının Fatmayı
kəndində, pavilyon
çəkilişləri isə
kinostudiyada reallaşıb.
Natura çəkilişlərinin üstünlük
təşkil etdiyi filmin təsvir keyfiyyətini peşəkar
operator işi müəyyənləşdirib.
Yadellilər tərəfindən əsir
götürülən insanların
iztirablarını, döyüşçülərin
qəddarlığı və
istilaçı davranışlarını
təqib edən panoramlı çəkilişlər,
dəqiq mizanlanmış
hədəflər hadisələrin
qısa xronikasını
təqdim edir. Uzaq keçmişin
qanlı hadisələrini,
gərgin və kəskin situasiyalarını
iki seriyaya sığdıracaq qədər
təhlil etməyə
qadir olan kadrarxası ahəngdar səsin kamilliyi (aktyor Əli Zeynalov), eyni zamanda hadisələrin emosionallığını, daxili
dinamikasını artıran
möhtəşəm musiqi
və melodiyalar (bəstəkar – Polad Bülbüloğlu) seyrçini
nəfəs çəkmədən
filmi izləməsinə
səbəb yaradır.
Ümumiyyətlə, peşəkar traktovkada
mizanlanmış kadrlar
baş və aparıcı, eləcə
də epizod rol iştirakçılarının
məqsəd və məramını məntiqli
şəkildə sintez
edib. Tarixi mühitin müasir
şəraitlə (geyim,
qrim, rekvizit, dekorasiyalar və s.) əlaqələndirilən ümumi
yaradıcılıq prosesi
sistemli, planlı şəkildə həyata
keçirilib.
Kinonun ən məsuliyyətli sahəsi
və baxımlı janrı olan tarixi hadisələrin vizual şərhi istər-istəməz kinonun
tematik dairəsini genişləndirir, sənətkarın
yaradıcılıq yolunu
müəyyənləşdirir, təsvir və təqdimatda bədii ifadə vasitələrini
zənginləşdirir. Bu mənada
peşəkarların bir
araya gəldiyi “Babək” filmini yaradıcı heyətin bioqrafiyasında məktəb
adlandırmaq olar.
Filmin əsas
süjet xəttini
VIII-IX əsrlərdə Azərbaycanda
xalq kütlələrinə,
Xürrəmilərin azadlıq
hərəkatına başçılıq
edən Babəkin qəhrəmanlığı, feodal
zülmündən əziyyət
çəkən xalqı
üçün etdiyi
şücaətlər təşkil
edir. İgid sərkərdənin əqidə və xarakter baxımından müasirlərindən seçilməsi,
şəxsiyyət tamlığı,
yüksək amalı,
azadlıq ideyaları
ardınca minlərlə
insanı aparma qabiliyyəti, tarixi faktlara əsaslanan ekran əsərinin ideya-məzmununu müəyyənləşdirib,
tamamlayıb, əsərin
bədii keyfiyyətini
artırıb. Tarixi əsərin
kinoya gəlməsi özü belə vizual ədəbiyyatın
(kinonun) məntiqi kəsərinin artması,
kinonun həyat üçün vacibliyini
təsdiqləməsi, məntiqli
hadisələrin yaradıcı
heyətin məqsəd
və istəyinə işıq salması, nəticədə isə
monumental ekran əsərinin
ərsəyə gəlməsi
deməkdir. Filmin istər
respublikamızda, istərsə
də keçmiş ittifaq məkanında baxılma və sevilmə səbəbi qəhrəmanlıq mücəssəməsi
olan Babəkin niyyət və məqsədinin xoşməramlı,
həyat mövqeyinin ibrətamiz, şəxsiyyət
kimi bəşəriyyət
üçün arzuolunan
obraz olmasıdır.
Babək
obrazında elin gücü, xalqın azadlıq istəyi, ruhu, qəhrəmanlıq əzmi cəmlənib.
Bu mənada Babək
bütün dövrlər
və xalqlar üçün arzuolunan personajdır. Kinoda istədiyini
görən tamaşaçı
üçünsə bədii
kino estetikasının
standartlarına cavab verən bu kimi
filmlər mütləq
kultlaşır və
yaşayır.
Çətin, həlledici məqamları əks olunan, tarixi faktlara istinad edən filmin hər bir kadrı emosiyalarla doludur. Aktyor heyətinin fərdi yaradıcılıq üslubu, bacarığı, rollarını yaşarı, inandırıcı təqdim etməsi ümumi kompozisiya tamlığına səbəb olub. Aktyorların ifasında peşəkarlıqla cilalanan xarakterlərin fərdiyyətçiliyi fonunda Orta əsrlər dövrünün ab-havası aydın təsvir olunub, uzaq keçmişin sakinləri asanlıqla müasirimizə, həmsöhbətimizə çevrilib. Filmin şöhrətləndirdiyi ifaçıların (aktyorların) sonrakı uğurları bir daha onu sübut etdi ki, onlar yüksək sənətin keşikçiləridir. Respublikanın xalq artistləri Rasim Balayev, Amaliya Pənahova, Ənvər Həsənov, Mikayıl Mirzə, Şahmar Ələkbərov, Həsənağa Turabov, Muxtar Maniyev, əməkdar artistləri Səməndər Rzayev, Hamlet Xanızadə və başqaları tarixi obrazların fərdi xarakterlərinin cəmində kəskin və gərgin hadisələrin mahiyyətini dəqiq təhlil ediblər. Bu mənada kütləvi səhnələrin çoxluq təşkil etdiyi, mizan və məkan dəyişkənliyi bol olan filmdə obrazların kateqoriyasını müəyyənləşdirmək mümkünsüzdür. Baş və əsas rol ifaçılarının uğurlu, orijinal yaradıcılıq priyomları rejissor ideyasını, məqsədini tamaşaçıya bütünlüklə çatdırıb, ümumilikdə sənətkarların yaradıcılıq platformasını müəyyənləşdirib. Personajları yaşarı, hadisələri inandırıcı təqdim edən aktyorlarla, ssenarini zərgər dəqiqliyi qədər işləyən dramaturq və tamaşaçı arasındakı qırılmaz əlaqə quran, filmə rəğbət bəsləyənlərin çoxalmasına zəmin yaradan isə məhz rejissordur. Çünki kinorejissor Eldar Quliyev uğurlu yaradıcılığında müsbət qəhrəmanla yanaşı ideal qəhrəman obrazı yaratmağa müvəffəq olub.
Filmin emosional təsir gücü tamaşaçını heyrətləndirməklə yanaşı, həm də təəccübləndirir. Bir çox kadrlar, demək olar ki, Babəkin azadlıq ideyasına, insan sevgisinə köklənib. Lakonik, məntiqli dialoq və monoloqların cəmində, dövr hadisələrinin mahiyyətini cilalayan kadrların sferasında Babəkin ideyası, həyat amalı hiss olunur, diktə edilir. Babək obrazı ssenariyə uyğun olaraq tematik şəkildə yalnız tarixi qəhrəman kimi bütləşdirilməyib. Eyni zamanda o, kasıb, əliyalın, acınacaqlı durumda olan insanların yanında olan, onların halına yanan, dərdinə şərik çıxan, xilas yolu axtaran cəmiyyətin bir üzvü, xalqın qəhrəman oğlu kimi xarakterizə edilib. VIII-IX əsrin faciəsi feodal zülmkarlığında əks olunub, haqsızlığın tələfi, insanların nicatı isə qəhrəmanların doğuluşunda, varlığında təsvir edilib. Filmin başlanğıcından etibarən kəskinləşən dramatik hadisələrin gedişatı ideal qəhrəman axtarışındadır. Bu mənada filmin Babəksiz kadrlarında belə Babək arzulanır, Babək görünür. İdeal qəhrəmanını sevən, qəlbində yaşadan tamaşaçı üçün isə Babəkin təkcə döyüş yolu yox, həmçinin yaşam tərzi, həyat yolu da maraq doğurur.
Filmi böyük zəhmət, gərgin əmək hesabına ərsəyə gətirən yaradıcı heyət məqsəd və istəyinə nail olub. Ekranlara çıxmasından 40 il ötməsinə baxmayaraq, bu gün də diqqət və nəzərlər yalnız filmə yox, həmçinin kadrarxası məqamlara da köklənməkdə davam edir. Yaradıcı heyətin maraqlı, məzmunlu cavabları isə “Babək”in sirrinin daha da açılmasına, tamaşaçı qəlbində iz salmasına səbəb yaradır.
Şəhla ƏMİRLİ
kinoşünas
Mədəniyyət.- 2019.- 2 avqust.- S.7.