Bu muzey qəlbimdə Üzeyir Hacıbəyli sevgisini daha da artırdı”

 

 

Avqustun 3-də Rusiyada yaşayan bir qrup azərbaycanlı incəsənət xadimi Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət etdi.

Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov qonaqlara muzeyeksponatlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. O, müsəlman Şərqində operanın, operettanın əsasını qoyub. Görkəmli sənətkar bəstəkar, musiqişünas alim olmaqla yanaşı, həm də ictimai xadim, publisist, dramaturqpedaqoq kimi də fəaliyyət göstərib. Direktor onu da diqqətə çatdırdı ki, bəstəkarın vaxtilə ifa etdiyi sevimli skripkası da muzeyin eksponatları arasında qorunub saxlanılır.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Simfonik orkestrin dirijoru və bədii rəhbəri, Rusiyanın Əməkdar mədəniyyət işçisi Mirzağa Əsgərov muzey haqqında təəssüratlarını bölüşdü. Üzeyir bəyin ev-muzeyini ziyarət etməkdən məmnun qaldığını bildirən soydaşımız qeyd etdi ki, burada dahi bəstəkarı xatırladacaq çox maraqlı eksponatlar var: “Düzdür, görkəmli sənətkar haqda məlumatın var idi. Ancaq bu sehrli məbəd qəlbimdə Üzeyir Hacıbəyli sevgisini daha da çoxaltdı. Onun neçə-neçə görkəmli bəstəkarla dostluq etməsinin sübutları olan eksponatlara tamaşa etdim. Sözsüz ki, muzey bundan sonra da məşhur musiqiçilərin maraqlandığı bir məkan olaraq qalacaq”.

Rusiya Federasiyası Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov da  muzeylə bağlı düşüncələrini dilə gətirdi. Qeyd etdi ki, bir neçə dəfə Bakı şəhərinə gəlsə də, bu muzeyi ziyarət etmək imkanı olmayıb. O, bu ziyarətdən böyük məmnunluq duyduğunu dedi: “Üzeyir bəy Azərbaycan musiqisində dönüş yaratmış dahi bəstəkardır. O, milli musiqimizi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib. Müsəlman Şərqində ilk operetta da Üzeyir bəyin adı ilə bağlıdır. Bəstəkarın ilk musiqili komediyası “Ər və arvad” əsəridir. Bu əsər həm də Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir”.

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı barədə də məlumat verən F.Əsgərov Dərbənd şəhərinin qədim mədəniyyət ocaqlarından biri olan teatrın əsasının 1898-ci ildə qoyulduğunu diqqətə çatdırdı.

Muzeydəki görüşdə Yuğ Dövlət Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyev və Dərbənd şəhər İncəsənət məktəbinin keçmiş müəllimi Eldar Əsgərov da iştirak edirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.6.