Yubilyar şəhərin yaşıdı

 

 

Gənclər şəhəri. Yəqin bir çoxunuza aydın oldu ki, söhbət dövlət başçısının sərəncamı ilə bu il 70 yaşını qeyd edən Sumqayıt şəhərindən gedir. Yubilyar şəhərimiz haqqında yazı hazırlamaq mənim üçün bir qədər çətindir. Yəqin həm də ona görə ki, cəmi 19 ildir bu şəhərin sakiniyəm, Sumqayıtın 70 ilə sığan tarixi salnaməsi isə çox zəngin  və çoxşaxəlidir...

Sumqayıt şəhəri bu illər ərzində böyük inkişaf yolu keçib. Burada mədəni mühitin formalaşması və zənginliyi üçün çoxsaylı layihələr həyata keçirilib. Bu günlərdə şəhərdə fəaliyyət göstərən haradasa şəhərlə yaşıd olan S.Vurğun adına Mərkəzi Kitabxanada oldum.

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ənənələri, nümunəvi xidməti ilə seçilir. Öyrəndik ki, 24 mart 1958-ci ildə yaradılan kitabxana Sumqayıt şəhərinin salınmasının 10 illiyi ərəfəsində istifadəyə verilib. Qeyd edək ki, Mərkəzi kitabxana 1949-cu ildə açılmış kütləvi və 1953-cü ildə istifadəyə verilən uşaq kitabxanasından sonra Sumqayıtda üçüncü kitabxana idi. Mövcud kitabxanaların şəhər sakinlərinin elmə, maariflənməyə, kitaba olan ehtiyacını ödəyə bilməməyi yeni kitabxananın açılmasını zəruri edir. 1966-cı ildə Mərkəzi kitabxanaya Xalq şairi Səməd Vurğunun adı verilir. Kitabxana 1968-ci ildə hazırda fəaliyyət göstərdiyi binaya köçürülür.

Kitabxananın binası 2008-2009-cu illərdə əsaslı təmir olunub, maddi-texniki bazası yenilənib, fondu zənginləşdirilib. Eyni zamanda kitabxananın http://sumlib.az/ ünvanlı veb-saytı oxucuların istifadəsinə verilib. Hazırda kitabxanada Xidmət, Komplektləşdirmə və kitabişləmə, Metodikabiblioqrafiya, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, Kitabxanalararası abonement, İnformasiya-resurs, İncəsənət, Dövri mətbuat, Uşaq, Elmi tədqiqat, Depozitar fond, Vahid fondun təşkili və istifadəsi şöbə və bölmələri fəaliyyət göstərir.

 

Rəngarəng layihələr

 

İşini günün tələbləri səviyyəsində qurmağa çalışan kitabxana tərəfindən şəhər sakinlərinin mütaliəyə marağının artırılması məqsədilə layihələr həyata keçirilir. Buna misal olaraqOxucu ilə üz-üzə”, “Bir kitabxanabir yazıçı” kimi layihələri qeyd etmək olar. Uşaqların və yeniyetmələrin kitabxanalara daha mütəşəkkil cəlb edilməsi məqsədilə reallaşdırılan layihə, habelə kitabın, mütaliənin təbliğinə xidmət edən və müxtəlif illərdə həyata keçirilmişKitabla dünyanı fəth edək”, “Sən mütaliə edirsənmi?”, “İnternet kitabxanası ili”, “Mütaliə ili”, “Biblioqrafiya ilikimi təşəbbüslər də oxucuların təqdirini qazanıb. Bundan əlavə, kitabxanada şair və yazıçıların yubileyləri, Azərbaycanın tarixi ilə, əlamətdar hadisələrlə bağlı tədbirlər keçirilir.

Hərbi-vətənpərvərlik tərbiyəsinə, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş bədii qiraət müsabiqələri, tanınmış ədəbiyyat və incəsənət xadimləri Anar, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Elçin Hüseynbəyli, Mustafa Çəmənli və başqaları ilə görüşlər də oxucuların kitabxanaya, mütaliəyə marağının artmasına səbəb olub.

MKS-nin direktoru Yeganə Əhmədovanın sözlərinə görə, Mərkəzi kitabxana tərəfindən Sumqayıtın 70 illik yubileyi və dövlət başçısının sərəncamı ilə elan edilən “Nəsimi ili” çərçivəsində müxtəlif səpkili tədbirlər davam etdirilir.

Bu ilin əvvəlindən dahi şairin yubileyi münasibətilə şəhərdəki Nizami Gəncəvi adına Kitabxana-klubun əməkdaşları tərəfindən 27 nömrəli tam orta məktəbdə “Cahana sığmayan şair” başlıqlı səyyar sərgi keçirilib. Gənclər kitabxanasında fəal oxucuların iştirakı ilə gerçəkləşən “Ölümü ilə ölməzlik qazanan şair” adlı informasiya saatında Nəsiminin Azərbaycanın söz, fikir xəzinəsini zənginləşdirməsindən söhbət açılıb.

Sumqayıtın 70 illiyi çərçivəsində Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 71 nömrəli “Heyran” körpələr evi-uşaq bağçası ilə birgə “Təbrik edirəm mən yaşını” adlı səhərcik keçirib. Bundan başqa, N.Gəncəvi adına Kitabxana-klubda şəhərin yubileyinə həsr olunmuş “Sumqayıt dünən, bu gün, sabah” adlı dəyirmi masa təşkil olunub.

 

50 yaşlı Uşaq şöbəsi

 

Söhbət zamanı onu da öyrəndik ki, bu il həmçinin Mərkəzi kitabxananın Uşaq şöbəsinin yaranmasının 50 ili tamam olur. Şöbənin müdiri Yeganə Hüseynova məlumat verdi ki, Uşaq şöbəsi 1969-cu ildə “H.Z.Tağıyev adına 7 saylı Uşaq kitabxana filialı” adı altında yaradılıb. 2015-ci ildən Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi kimi fəaliyyət göstərir. Hazırda şöbənin fondunda zəngin uşaq ədəbiyyatı külliyyatı var. Burada 2000-ci ildən başlayaraq ildə bir dəfə “Qanadlandıq uçmağa” adlı şeirlərdən ibarət kitab nəşr olunaraq oxucuların ixtiyarına verilir.

Şöbənin oxu zalında balaca oxucuların rahat mütaliəsi üçün şərait yaradılıb. Uşaqların iştirakı ilə müxtəlif səhnəciklər təşkil olunur. Əsas məqsəd onlarda ədəbiyyata, milli dəyərlərimizə, qəhrəmanlarımıza sevgimaraq oyatmaq, onların sənət duyumunu inkişaf etdirməkdir. Şöbənin fondu Kitab palatası və oxucular tərəfindən hədiyyə edilən nəşrlər hesabına zənginləşir.

Şöbədə diqqətimizi daha çox çəkən isə “nağıl otağı” adlı xüsusi guşə oldu. Uşaqlar bura daxil olduqda sanki nağıllar aləminə səyahət edirlər.

Y.Hüseynova şöbənin əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər təşkil etdiyini, sərgilərə qatıldığını deyir. Kollektiv fevralın 8-də “Beynəlxalq babalar və nənələr günü” ilə bağlı Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda şair Əhməd Cəmilin məşhur “Can nənə, bir nağıl deşeiri əsasında səhnəcik təqdim edib. Fevralın 14-də “Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar nəşriyyatlarla birlikdə “Ürəkdən ürəyə” adlı tədbir keçirilib. Həmçinin görkəmli dramaturq, yazıçı, şair Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar ədibin Xızıdakı ev-muzeyində keçirilən tədbirdə iştirak edib. Sonuncu tədbirdə balaca oxucular müəllifin “Şairartistsatirik şeiri əsasında səhnəcik nümayiş etdiriblər. Bundan əlavə, Sumqayıtın Şəhidlər xiyabanında 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun doğum günü ilə bağlı tədbir təşkil edilib.

Həmsöhbətimiz şöbənin 50 illiyi münasibətilə balaca oxucularla birlikdə maraqlı tədbirin keçiriləcəyini də bildirdi. Ümumilikdə isə ilin sonuna qədər Sumqayıtın yubileyi ilə bağlı tədbirlər davam etdiriləcək.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.7.