“Cəbhəni qarış-qarış!”

 

 

“Azərbaycan Yazarlar Klubu” silsilə tədbirlər keçirib

 

Avqustun 2-dən 4-dək bir qrup tanınmış yazar ölkəmizin qərb bölgəsinə səfər edərək Ermənistanla həmsərhəd kəndlərin nümayəndələri və hərbçilərlə görüşüblər.

Silsilə tədbirlər “Azərbaycan Yazarlar Klubuİctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yarıdımı ilə reallaşdırdığı “Cəbhəni qarış-qarış!” layihəsi çərçivəsində keçirilib.

İlk tədbir avqustun 2-də Tovuz rayonundakı Heydər Əliyev Mərkəzində olub.

Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova qonaqları salamlayıb.

“Cəbhəni qarış-qarış!” layihəsinin rəhbəri – “Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli çıxış edərək bildirib ki, artıq 4-cü ildir keçirilən layihə cəbhə bölgəsində yaşayan həmvətənlərimizə dəstək məqsədi daşıyır.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Hərbi-vətənpərvərlik komissiyasının  sədri, şair-bəstəkar Şahin Musaoğlu, Əli Kərim adına Sumqayıt Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, AYB Qazax regional bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair İlqar Türkoğlu, eləcə də yerli qələm adamları vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Əsrik kəndinin sakini Maarif Həsənoğlu və başqaları öz çıxışlarında yazarların regiona səfərini yüksək dəyərləndirdiklərini deyərək bu cür görüşlərin mütəmadi olmasını arzulayıblar.

Avqustun 3-də yazarlar Qazax rayonu ərazisində yerləşən “Yeni qəsəbə” məcburi köçkün şəhərciyində olublar.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova qonaqları salamladıqdan sonra diqqətə çatdırıb ki, qəsəbədə Ermənistanla həmsərhəd 7 kəndin əhalisi məskunlaşıb. O, yazıçı və şairlərin böyük mütəfəkkirlər diyarına  gəlişini əlamətdar hadisə kimi dəyərləndirib və qeyd edib ki, bu cür görüşlər insanlarda ruh yüksəkliyi yaradır.

Tədbirdə şair Barat Vüsalın qəhrəman qadın döyüşçü Qaratelə həsr etdiyi şeir tədbir iştirakçılarını xeyli duyğulandırıb.

Həmin gün yazarlar regionda yerləşən hərbi hissələrdən birinin qonağı olublar.

Şair İbrahim İlyaslı hərbçilərə sevgi barədə yazdığı şeiri oxuyub və alqışlar qazanıb. Şair-bəstəkar  Şahin Musaoğlu deyib ki, tankçılara həsr etdiyi yeni mahnı bu yaxınlarda ictimaiyyətə təqdim olunacaq.

Hərbçilər bu görüş üçün yazarlara minnətdarlıqlarını bildiriblər.

Qeyd olunan görüşlər zamanı iştirakçılara hərbi-vətənpərvərlik mövzusunda 200-dən yuxarı kitabdisk, məşhur qələm adamlarının əsərləri hədiyyə edilib.

Avqustun 4-də yazarlar Qazax rayonunun Ermənistanla həmsərhəd olan ucqar kəndlərinə də səfər edərək  sakinlərlə görüşüblər.

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.7.