Ölkəmiz Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın konfransında təmsil olunub

 

 

Tailandın paytaxtı Banqkokda UNESCO yanında Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (ICTM) 45-ci Dünya konfransı keçirilib. 11-18 iyul tarixində gerçəkləşən tədbirə 70-dən çox ölkədən nümayəndələr qatılıb.

Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, musiqişünas, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva təmsil edib. Uzun müddətdir ICTM-in üzvü olan alim konfransın “Qeyri-maddi mədəni irsin mühafizəsi” adlı bölməsinə sədr qismində dəvət olunub.

Tədbirlə bağlı təəssüratını qəzetimizlə bölüşən Sürəyya xanım qeyd etdi ki,  sözügedən bölmənin iclası konfransın təntənəli açılışından sonra keçirilib. İclasda UNESCO-Azərbaycan əlaqələri və bu istiqamətdə fəaliyyətlə bağlı məlumat verən alim bildirib ki, ənənəvi peşəkar musiqimizin muğam, aşıq sənəti kimi janrları, tarkamança ifaçılıq sənətləri təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. UNESCO-Azərbaycan əlaqələrinin inkişafında Prezident İlham Əliyev və Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycanlı alimin moderatorluğu ilə keçirilən “Qeyri-maddi mədəni irsin mühafizəsi” adlı bölmədə təqdim olunan məruzələrdə uyğurlara məxsus “Məşrəp” sosial-icma və muğam-rəqs ənənəsinin Çində və Qazaxıstanda qorunub saxlanılması, habelə çopi xalqının özünəməxsus “Timbilamusiqi-instrumental mərasim-rəqs ənənəsi barədə bəhs olunub.

Konfrans çərçivəsində S.Ağayeva UNESCO-nun Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiyasının katibi Timoti Körtislə görüşdə iştirak edib. T.Körtis Azərbaycan üçün önəmli hadisə – Şəki Xan sarayı və şəhərin mərkəzi hissəsinin UNESCO-nun Dünya irs siyahısına salınması münasibətilə təbriklərini çatdırıb.

Alim həmçinin ICTM-in milliregional təmsilçilərinin iclasına, türk xalqlarının musiqi mədəniyyətinin tədqiqi üzrə elmi qrupun, ICTM elmi qrupları sədrlərinin iclaslarına və konfransın digər tədbirlərinə qatılıb. S.Ağayeva konfransın Tailand komitəsinin sədri, Çulalonqkorn Universitetinin Təsviri və tətbiqi incəsənət fakültəsinin dekanı, professor Bussakorn Binsona “Azərbaycan muğam ensiklopediyası”nı hədiyyə edib.

Alimin sözlərinə görə, konfransda bəzi məruzəçilər tərəfindən həqiqətə söykənməyən çıxışlar da olub. Belə ki, gənc Tailand pianoçusu, ABŞ-ın Şimali Kolorado Universitetinin doktorantı “Ermənistan və ona qonşu caz musiqi mədəniyyətləri” mövzusunda məruzəsi ilə real tarixi faktlardan xəbərsiz olduğunu ortaya qoyub. S.Ağayeva tədqiqatçıya öz elmi işində erməni məsləhətçilərinin ona təqdim etdikləri şübhəli faktlardansa, daha etibarlı mənbələrə əsaslanmağı tövsiyə edib.

ABŞ-ın Kostal Karolina Universitetindən A.Oldfildin sovet dövründə Azərbaycan aşıq sənəti haqqında çıxışı, Tehran Universitetindən B.Nikaenin İrandakı azərbaycanlı aşıqlar haqqında məruzəsi musiqi mədəniyyətimizin qədim və zənginliyinin təqdimi baxımından əhəmiyyətli olub.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.5.