Bu otaqlarda böyük sənətkarların ruhu dolaşır”

 

 

“Azərbaycanfilm” kinostudiyasında rejissor Hüseyn Seyidzadənin yaradıcılıq otağının açılışı keçirildi

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2018-ci ildən başlayaraq  tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.

2 avqust – Azərbaycan Kinosu Günündə kinostudiyada Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Seyidzadənin (1910-1979) yaradıcılıq otağının açılış mərasimi oldu.

Tədbirdə çıxış edən kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov bütün kino işçilərini peşə bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, “Azərbaycanfilm”in binası təkcə istehsal sahəsi deyil, həm də böyük bir mədəniyyət mərkəzidir ki, burada böyük bir tarix yaşayır: “Bu gün növbəti yaradıcılıq otağının açılış mərasimidir. Bilirsiniz ki, bundan əvvəl görkəmli rejissorlarımız Rasim OcaqovTofiq Tağızadənin çalışdığı otaqların açılış mərasimi olub. Kinostudiyada muzey-otaqlar kimi fəaliyyət göstərən bu məkanlar korifey sənətkarların yaradıcılığı, prosesi barədə təsəvvür yaratmaqla yanaşı, onların xatirəsinin əbədiləşdirilməsinə xidmət edir. Əslində, kinostudiyanın hər bir otağı kino tariximizi özündə yaşadan məkandır”.

Müşfiq Hətəmov yaxın gələcəkdə unudulmaz kino xadimlərimiz Həsən Seyidbəyli, Əlisəttar AtakişiyevLeyla Bədirbəylinin yaradıcılıq otaqlarının açılışının nəzərdə tutulduğunu, bu ənənənin davam etdiriləcəyini vurğuladı.

Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış edərək Hüseyn Seyidzadənin Azərbaycan kinosunda xidmətlərindən söz açdı. Bildirdi ki, dünyaca məşhur hindistanlı aktyorrejissor Rac Kapur Bakıya gələndə rejissorun filmlərini izləmiş, çox bəyənmiş və onu Hindistana dəvət etmişdi. Hüseyn Seyidzadə buna cavabında “Mən hələ öz ölkəm üçün çox az filmlər çəkmişəm və xalqıma xidmət etməliyəm” demişdi.

Aydın Kazımzadə kinorejissorun çəkdiyi “Yenilməz batalyonfilminin ərsəyə gəlməsindən, Xalq yazıçısı Qılman İlkinHüseyn Seyidzadənin yaradıcılıq əlaqələrindən söz açdı. Qeyd etdi ki, unudulmaz rejissor, yaradıcılıq imkanları geniş olsa da, cəmi beş film ərsəyə gətirib.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov layihənin təşəbbüskarlarına minnətdarlığını ifadə etdi, Hüseyn Seyidzadəni qeyri-adi rejissor kimi səciyyələndirdi: “Azərbaycan kinosu tarixində Hüseyn müəllimin özünəməxsus xidmətləri var. O, mənim üçün xüsusi rejissordur. İstərdim ki, Azərbaycan kinosunun tarixi fənni tədris edilərkən Hüseyn Seyidzadənin filmləri dərs vəsaiti kimi nümayiş olunsun. Hüseyn müəllimin sənətkar kimi filmlərdə nizamı, montajı, kadrda estetikası tamaşaçını heyran edir. Onun filmlərində saxtalıq görmək mümkün deyilbu, böyük sərvətdir”.

Əməkdar incəsənət xadimi Ayaz Salayev xatirə otaqları ənənəsinin davamlı olmasını təqdir etdi. Dedi ki, bu otaqları ziyarət edən məktəblilər və “Azərbaycanfilm” kinostudiyasında çalışan gənc rejissorlar bilməlidirlər ki, bu bina, həqiqətən, bir sənət məbədidir. Bu otaqlarda neçə-neçə korifey insanların düşüncələri, sevə-sevə izlədiyimiz filmlərin yaranma tarixçələri yaşayır: “Bu binada yüzlərlə sevilən filmlər, rejissorlar, operatorlar, rəssamlar, aktyoraktrisalar çalışaraq öz yaradıcılıqlarını, təfəkkürlərini sərf ediblər. Xatirə otaqlarının açılışının ənənəyə çevrilməsi, korifey ustadların çalışdığı otaqların bərpa olunması gələcək üçün tarixdir. Bu gün kinostudiyanın dəhlizlərində, bu məkanda böyük sənətkarların ruhu dolaşır. Bu otaqda da həmişə xoş xatirələr anılacaq. Gənc rejissorlar hər zaman böyük ustadların sənətini və kinomuzun tarixini unutmadan ənənələrə ləyaqətlə xidmət edəcəklər”.

Sonda Müşfiq Hətəmov kinonun inkişafına göstərdiyi qayğıya və Azərbaycan Kinosu Günü ərəfəsində bu sahədə çalışan insanları mükafatlandırdığına görə dövlət başçısına minnətdarlığını bildirdi. Vurğuladı ki, ənənələri olan Azərbaycan kinosu daim yaşayacaqbu sənətdə iz qoyan sənətkarların məktəbi gənc nəsillər tərəfindən davam etdiriləcək.

Qeyd edək ki, milli kinematoqrafiya tarixində rejissor Hüseyn Seyidzadənin məxsusi yeri var. O, sovet rejiminin qadağalarına baxmayaraq, çəkdiyi filmlərdə tarixi gerçəkliyi obyektiv şəkildə təqdim etməyə çalışıb. Hüseyn Seyidzadənin ekran həyatı verdiyi “O olmasın, bu olsun” (Azərbaycanda ilk rəngli film”), “Koroğlu” (ilk genişekranlı film), “Yenilməz batalyon”, “Dəli Kür”, “Qayınana” bədii filmləri bu gün də tamaşaçıların sevə-sevə izlədiyi ekran əsərləridir.

Görkəmli rejissor həmçinin “Sovqat” (H.Bədəlovla birgə) qısametrajlı bədii, “Əbədi Odlar diyarı” və “Doğma xalqımıza” (Y.Fridlə birgə) sənədli filmlərinin müəllifidir.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.4.