Salyan, Neftçala və Biləsuvarda sakinlərin qəbulu keçirilib

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir.

Avqustun 8-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan rayonundan olan vətəndaşlarla görüşüb. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala sakinlərini, nazir müavini Rafiq Bayramov Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonundan olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin qəbulunda iştirak edən Salyan sakinləri rayonda Mədəniyyət sarayının tikilməsi, Su qülləsinin tarixi abidə kimi dövlət qeydiyyatına alınması, görkəmli bəstəkar, mərhum Arif Məlikovun şəxsi əşyalarından Salyan şəhərindəki Tarix-diyarşünaslıq muzeyinə verilməsinə köməklik göstərilməsi, yeni təmir olunmuş Uşaq incəsənət məktəbinin inventar və avadanlıqlarla təchizatı ilə bağlı müraciət ediblər.

Görüşdə həmçinin vətəndaşlar görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı virtual müsabiqənin təşkil olunması, mədəniyyət müəssisələrində xidmət səviyyəsinin yüksəldilməsi üçün metodiki köməkliyin göstərilməsi məqsədilə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşlarının rayona ezam olunması, xalçaçılıqla bağlı layihənin həyata keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.

***

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda vətəndaşlar rayonun Boyat kəndi ərazisində yerləşən tarixi əhəmiyyətli məzar daşlarının qorunması, görkəmli kimyaçı alim, akademik Yusuf Məmmədəliyevin 115 illik yubileyinin keçirilməsinə köməklik göstərilməsi, Kukla teatrına Xalq kollektivi adının verilməsi, Kitabkitabxana layihəsinin keçirilməsi, Kitabxanaçı gününün təsis olunması, rayon mərkəzindən kənarda yerləşən mədəniyyət müəssisələrinə musiqi alətlərinin verilməsi ilə bağlı müraciət ediblər.

Qəbulda həmçinin Mərkəzi kitabxanada mərkəzləşdirilmiş elektron kitabxana sisteminin tətbiqi üçün fiber-optik internet xəttinin çəkilməsi, Mədəniyyət mərkəzində istilik sisteminin quraşdırılması barədə müraciətlər də səsləndirilib.

***

Nazir müavini Rafiq Bayramovun Biləsuvarda vətəndaşlarla gerçəkləşən görüşündə sakinlərin müraciətləri şəhərdəki Uşaq incəsənət məktəbinin təmir olunması, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Pəncərə teatr-studiyasına Xalq teatrı adının verilməsi, həvəskar Kukla teatrının yaradılmasına kömək göstərilməsi, işlə təmin olunma və digər məsələlər barədə olub.

Keçirilən qəbullarda Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələri də iştirak edib. Görüşlərdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerində həll edilib. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Mədəniyyət naziri və müavinlərinin regionlarda keçirilən budəfəki görüşlərində ümumilikdə 50 nəfərə yaxın vətəndaş iştirak edib.

Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər

Mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 8-də Salyan rayonunda vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib.

Nazir bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq, hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir. Bu gün həmçinin nazir müavinləri Neftçalada və Biləsuvarda vətəndaşları qəbul edib.

Qeyd olunub ki, görüşlərdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər ümumilikdə mədəniyyətimizin inkişafına xidmət edir. Həmçinin bu görüşlər sakinləri narahat edən məsələlərin operativ şəkildə həll olunmasına şərait yaradır: Bugünkü qəbulda da bir neçə mühüm məsələ diqqətə çatdırıldı. Bunların sırasına ölkəmizin mədəni irsinin qorunması, bərpası, yeni aşkar olunmuş abidələrin dövlət tərəfindən qorunan daşınmaz tarix və mədəniyyət abidələri siyahısına salınması, mühafizəsinin təşkili, Salyan rayonunda yerləşən bir sıra mədəniyyət müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər daxildir. Sevindirici haldır ki, vətəndaşlarımız yerlərdə mədəni xidmətlərin daha da təkmilləşdirilməsini zəruri hesab edir, bu istiqamətdə təşəbbüskarlıq göstərirlər.

Nazir deyib ki, Salyan rayonu Azərbaycanın mədəniyyət və ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş edib: Onların arasında Əli bəy Hüseynzadə kimi qüdrətli mütəfəkkir, eləcə də bəstəkarlar, ədiblər var. Bu baxımdan rayonda muzey işinin gücləndirilməsi, dahi şəxsiyyətlərin fəaliyyətinin daha dolğun təbliği istiqamətində addımlar atılır.

Əbülfəs Qarayev vurğulayıb ki, vətəndaşların bütün müraciətləri nəzərdən keçiriləcək və onların həlli istiqamətində müvafiq addımlar atılacaq.

Nazir daha sonra Salyan şəhər Qulu Əsgərov adına Uşaq incəsənət məktəbində aparılan təmir-bərpa işləri ilə tanış olub, görülən işlərlə əlaqədar tapşırıq və tövsiyələrini verib.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.3.