“Mədəniyyət xalqları birləşdirir”

 

Nazir Əbülfəs Qarayev Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb

 

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 7-də Argentinanın ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb.

Nazir ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalları və mədəni tədbirlərlə bağlı məlumatı səfirin diqqətinə çatdırıb. Bildirib ki, ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün bu festivallarda mütəmadi iştirak vacib məqamlardandır. Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı və digər musiqi tədbirlərində argentinalı musiqiçilərin iştirakı xalqlarımız arasında mədəni mübadiləyə və bir-birinin mədəniyyəti ilə yaxından tanışlığa mühüm zəmindir. Nazir həmçinin televiziya proqramları vasitəsilə Azərbaycan və Argentina mədəniyyətini əks etdirən birgə verilişlərin əhəmiyyətli ola biləcəyini də vurğulayıb.

Səfir Argentinada keçirilən tanqo festivalı və müxtəlif film festivalları haqqında danışıb, azərbaycanlı ifaçıları bu ilin oktyabr ayında təşkil ediləcək tanqo festivalında iştiraka dəvət edib.

Görüş iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələrlə davam edib.

***

Nazir Əbülfəs Qarayev həmin gün Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksandr Bayer ilə də görüşüb.

Diplomatı salamlayan nazir bildirib ki, ərazisinə və əhali sayına görə yaxın olan Azərbaycanla Avstriya arasında oxşar cəhətlər çoxdur.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir vurğulayıb ki, ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələr var. Amma bu əlaqələri daha da genişləndirmək və inkişaf etdirmək lazımdır. İki ölkənin musiqi, teatr və mədəniyyətin müxtəlif sahələrinin nümayəndələri qarşılıqlı səfərlər edərək təcrübə mübadiləsi apara bilərlər.

Azərbaycana sevgisini ifadə edən Bernd Aleksandr Bayer bildirib ki, ölkəmizin  zəngin mədəniyyəti, tarixi onda böyük maraq doğurur. Diplomat qədim Azərbaycan dövlətləri ilə bağlı məlumatlı olduğunu da deyib.

Nazir söhbət zamanı iki ölkənin musiqi məktəbləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Bildirib ki, məktəblər arasında şagird mübadiləsi hər iki ölkənin gənc nəsli üçün müsbət nəticələr verə bilər. Həm də ölkələrimizin mədəniyyətinin təbliğinə böyük töhfə olar: “Çünki mədəniyyət xalqları birləşdirir. Muzey, teatr, konsert müəssisələri, mədəni irs nümunələrimiz vasitəsilə biz iki ölkə arasında qarşılıqlı əlaqələri daha da gücləndirə və birgə layihələr həyata keçirə bilərik”.

Əbülfəs Qarayev həmçinin diqqətə çatdırıb ki, Avstriya ilə Azərbaycan arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində bu günə kimi bir sıra mühüm layihələr həyata keçirilib. Bu layihələr iki ölkənin dostluğuna və mədəniyyətlərin dialoquna xidmət edir.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

***

Qeyd edək ki, hər iki görüş zamanı səfirlər UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən 43-cü sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, həm Avstriya, həm də Argentinanın Dünya İrs Komitəsinin sessiyasında iştirak etmiş nümayəndə heyətləri tədbirin təşkilatçılıq məsələlərindən öz razılıqlarını ifadə ediblər.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.4.