Avstriyadakı “Cənnət bağı”nda Azərbaycan “Nar”ı

 

 

Azərbaycanlı qobelen sənətçisi Səməni Şahsuvar Qasımova Avstriyanın Haslach şəhərində keçirilən “Cənnət bağı” beynəlxalq tekstil sərgisində ölkəmizi uğurla təmsil edib. Sərgi iyulun 27-dən 31-dək davam edən Avropa Tekstil Şəbəkəsinin (ETN) Beynəlxalq konfransının bir hissəsi olub.

Sərgiyə dünyanın müxtəlif ölkələrindən 451 müraciət daxil olub. Münsiflər heyəti tərəfindən seçilən əsərlər sırasında Səməni Şahsuvar Qasımovanın “Narqobelen əsəri də yer alıb.

Xalqımızın qədim toxuculuq sənətini beynəlxalq tekstil sənətçiləri arasında təmsil etməkdən məmnunluğunu ifadə edən Səməni Şahsuvar Qasımova deyib: “Burada ölkəmizin qədim toxuculuq mədəniyyətinə olan böyük marağı görmək və hiss etmək, həqiqətən də, çox qürurvericidir. Münsiflər heyəti tərəfindən seçilmişNarqobelen əsərim məhsuldarlığın, həyatın və əbədi həyata olan ümidi, təbiətin dirçəliş simvolunu xarakterizə edir”.

Müəllif qeyd edib ki, insanlar qədim zamanlardan narın cənnət meyvəsi olduğuna inanırdılar: “Narın tac şəkli və qırmızı rəngi bir çox sənətkarların narın gözəlliyini şeirlərdə əks etdirməsinə ilham verib və Azərbaycan sənətkarlarının əsərlərində ən önəmli ornamentlərdən birinə çevrilib. Nar ornamenti cənnət bağını əks etdirməyi hədəfləyən nadir xalçalar, kilimlər və digər toxuculuq nümunələrinin yaradılmasının əsas səbəbidir. Mən də bu qobeleni yaratmaqla, təbiətin gözəlliyini və insan həyatı boyu tarazlıq və xoşbəxtliyin sonsuz sirri üçün təfəkkür və həssas anlayışımı ifadə etməyə çalışmışam”.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.8.