Ölkəmizdə Avrasiya Xalqları Assambleyası günləri keçiriləcək

 

Nazir müavini assambleyanın nümayəndə heyəti ilə görüşüb

 

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov avqustun 20-də Avrasiya Xalqları Assambleyasının baş katibinin müavini Tatyana Fyodorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı assambleyanın fəaliyyəti, mədəni-humanitar əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, görüləcək işlər, eləcə də 30 sentyabr 4 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası günləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Baş katibin müavini Tatyana Fyodorova assambleya günlərinin əhəmiyyətindən söz açaraq bu çərçivədə müxtəlif sahələr üzrə keçiriləcək görüş, dəyirmi masa, forum və mədəni tədbirlər haqqında məlumat verib. Bildirib ki, tədbirlərdə hökumət və qeyri-hökumət təşkilatları, elm və mədəniyyət xadimləri və jurnalistlərin iştirakı nəzərdə tutulur. Assambleya günlərinin keçirilməsində əsas məqsəd Avrasiya xalqları arasında beynəlxalq mədəni, humanitariqtisadi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulmasıdır.

Nazir müavini Rafiq Bayramov ölkəmizdə bu kimi tədbirlərin mütəmadi olaraq keçirildiyini və Mədəniyyət Nazirliyi tərəfindən belə layihələrə daim dəstək göstərildiyini xüsusi vurğulayıb. Qeyd olunub ki, assambleya günləri çərçivəsində keçiriləcək tədbirlərə də nazirlik tərəfindən lazımi köməklik göstəriləcək.

Görüş assambleya ilə gələcəkdə müxtəlif sahələr üzrə birgə əməkdaşlığa dair müzakirələrlə davam edib.

Qeyd edək ki, sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda Avrasiya Xalqları Assambleyasının da təşkilatçı qismində çıxış etdiyi IV LiFFt ədəbiyyat festivalı keçiriləcək. 2018-ci ildə Rusiyanın Soçi şəhərində təşkil edilən III festivalda Azərbaycan yazıçısı Varis Yolçuyev qalib olub. Qaydalara görə, növbəti festivala qalibin vətəni ev sahibliyi edir. Festival LiFFt Beynəlxalq Humanitar Fondu, Avrasiya Xalqları Assambleyası və Azərbaycan tərəfdən Heydər Əliyev Fondunun həmtəşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və Bakı Kitab Mərkəzinin tərəfdaşlığı ilə gerçəkləşəcək.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.4.