Azərbaycanı daim xoş təəssüratla xatırlayacağam

 

Britaniya səfiri xanım Karol Krofts ölkəmizdə fəaliyyətini başa vurub

 

Bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycanı daim xoş təəssüratla xatırlayacağam.

Ölkəmizdə diplomatik fəaliyyətini başa vuran Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının səfiri xanım Karol Krofts bu sözləri Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev ilə görüşdə deyib.

Nazir xanım diplomatı səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib. Əbülfəs Qarayev fəaliyyəti dövründə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də aktiv təşəbbüslər irəli sürdüyünə və iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkürünü bildirib.

Xanım Karol Krofts Azərbaycanda çalışdığı müddətdə ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb. Diplomatik fəaliyyəti dövründə reallaşan çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayan səfir həmçinin ölkəmizin qədim və zəngin mədəni irsini yaxından tanıdığı üçün məmnunluğunu ifadə edib. O, xalqımızın gözəl mentalitetə və zəngin adət-ənənələrə sahib olduğunu deyərək azərbaycanlıların qonaqpərvərliyini və ölkəmizdəki multikultural mühiti yüksək qiymətləndirib.

Səfir iyul ayında UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsindən də söz açıb və Şəki şəhərinin tarixi mərkəzinin və Xan sarayının Dünya irs siyahısına salınması münasibətilə nazirə təbriklərini çatdırıb. Vurğulanıb ki, ölkə rəhbərliyinin diqqəti və Təşkilat Komitəsinin gərgin əməyi sayəsində bu sessiya uğurla reallaşıb.

Nazir öz növbəsində bildirib ki, xanım Karol Kroftsun səlahiyyət müddəti başa çatsa da, Azərbaycan ona dost olan insanları hər zaman sevgi ilə qəbul edir və gözləyir. Ölkələrimiz hər zaman dostluq münasibətlərində olubbu əlaqələr gələcəkdə də davam edəcək.

Əbülfəs Qarayev Azərbaycan ilə Böyük Britaniya arasında mədəniyyət sahəsində münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib.

Nazir Azərbaycanda səlahiyyət müddəti başa çatan səfirə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xanım Karol Krofts səmimi qəbula görə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.3.