Mənəvi dəyərlərimizin qorunması və təbliği

 

Naxçıvanda milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb.

Bu barədə Ordubad rayonunun Dırnıs kəndində keçirilən növbəti Xalq yaradıcılığı günləri adlı tədbirdə danışılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov və Ordubad rayonundakı Kotam kənd Mədəniyyət evinin metodisti Rəcəb Quliyev çıxış ediblər.

Bildirilib ki, muxtar respublika Ali Məclisi sədrinin 2009-cu il 7 fevral tarixli sərəncamına uyğun olaraq muxtar diyarın bütün bölgələrində xalq yaradıcılığı nümunələrinin, milli dəyərlərimizin aşkarlanması, təbliği və tətbiqinə yönəlmiş ənənəvi Xalq yaradıcılığı günləri adlı tədbirlər keçirilir. Belə tədbirlər unudulmaqda olan milli dəyərlərimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır.

Xalq yaradıcılığı günləri tədbirində Ordubad Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Uşaq musiqi məktəbinin muğam ansamblının, mədəniyyət evləri və klubların dərnək üzvlərinin, rəqs və yallı qruplarının, eləcə də folklor kollektivlərinin ifasında Tənzərə yallısı, Nar ağacı, nar çiçəyi xalq mahnısı, Şur təsnifi, Ruhani aşıq havası, digər xalq yaradıcılığı nümunələri təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.2.