Özbəkistanda mədəni irs həftəsi

 

Özbəkistanın Daşkənd, Termez, Səmərqənd və Buxara şəhərlərində Özbəkistan yolların ayrıcı və sivilizasiya: imperiyalar, dinlər, mədəniyyətlər adlı mədəni irs həftəsi keçirilib.

Avqustun 27-dək davam edən tədbirlərdə dünyanın 40 ölkəsindən gələn şərqşünas alim, ekspert, UNESCO-nun yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin rəhbərliyi ilə ölkəmizin alimləri də tədbirlərə qatılıblar.

Həftə çərçivəsində Daşkənddə Özbəkistan mədəni irsinin qorunması, öyrənilməsi və populyarlaşdırılması üzrə 3-cü Beynəlxalq konqres, Kuşan xəzinəsi və Özbəkistanın nadir əlyazma abidələri adlı sərgilər təşkil olunub. Termezdə Özbəkistan sivilizasiyanın kəsişdiyi məkan adlı tədbir keçirilib.

Qonaqlar UNESCO-nun himayəsi altında Səmərqənddə keçirilən Maddiqeyri-maddi mədəni irsin qorunması: aktual problemlər və strategiyalar adlı tədbirdə, həmçinin Şərq təranələri XII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində (26 avqust) də iştirak ediblər.

 

Mehparə SULTANOVA

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.8.