Özbəkistanda “Mədəniyyət.AZ” jurnalının təqdimatı keçirilib

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Mədəniyyət.AZ” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dərc olunan xüsusi buraxılışının təqdimatı olub. Mərkəzin foyesində jurnalın müxtəlif buraxılışları və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə fotosərgi nümayiş olunub.

AMM-in direktoru Samir Abbasov çıxış edərək ötən ilin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ilielan edildiyini, il ərzində bir sıra ölkələrdə, o cümlədən Özbəkistanın paytaxtı Daşkənddə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

“Mədəniyyət.AZ” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva nəşrin xüsusi buraxılışı barədə məlumat verib.

Özbək alim-tərcüməçi Babaxan Şərif, Özbəkistanda yaşayan azərbaycanlı alim, Beynəlxalq Akademiyanın həqiqi üzvü Almaz Məcidova, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülnaz Səttarova, Özbəkistan Yazıçılar Birliyinin bölmə müdiri Risalət Muradova çıxış edərək Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi olduğunu, bu dövlətin varisi olan Azərbaycan Respublikasının dünya dövlətləri arasında layiqli yerini tutduğunu vurğulayıb, Azərbaycan-Özbəkistan əlaqələrindən bəhs ediblər.

Sonda Azərbaycan Xalq Cümhuriyyəti irsinin təbliği və Özbəkistan ictimaiyyətinə çatdırılmasında xidməti olan bir sıra şəxslərə AMM-in fəxri diplomları təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.6.