Üzeyir işığına kimlər yığışacaq?

 

 

 

(I yazı)

Sentyabrın 18-dən 30-dək Bakı yenə də Üzeyir Hacıbəyli musiqisinin sehrinə düşəcək. Hələ sovetlər dövründə hər il 18 sentyabrda – böyük bəstəkarın doğum günündə musiqi ictimaiyyətinin nümayəndələri Üzeyir bəyin Fəxri xiyabandakı məzarını ziyarət edər, həmin günü indiki Bakı Musiqi Akademiyasının önündə elə onun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edərdi. Akademik OperaBalet Teatrı milli operamızın banisinin əsəri ilə yeni mövsümə başlardı. Maestro Niyazinin təşəbbüsü ilə başlamış bu tədbirlər 1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 18 sentyabrın Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) elan edilməsi ilə bu günün anlamını, miqyas və əhəmiyyətini daha da böyütdü.

2009-cu ildə dahi musiqiçiyə həsr olunmuş beynəlxalq festivalın əsası qoyuldu. Bu il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı 11-ci dəfə keçiriləcək. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək festivalda Türkiyə, ABŞ, İtaliya, Ukrayna, Rusiya, Çin, Özbəkistan, Belorus, Bolqarıstan, Gürcüstandan gəlmiş ifaçılar və solistlər paytaxtın müxtəlif səhnələrini Azərbaycan musiqiçiləri ilə paylaşacaqlar. 2019-cu ilin Üzeyir festivalı həm müddətinə, həm proqramın zənginliyinə, həm də qonaqlarının çoxluğuna görə əvvəlkilərdən fərqlənir. Bəs qonaqlarımız kimlərdir?

 

...18 sentyabr, festivalın ilk günü

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Orkestrin baş dirijoru, Xalq artisti Rauf Abdullayevin idarə edəcəyi konsertdə “Koroğlu” operasının uvertürası, Arif Məlikovun 6-cı simfoniyası və görkəmli fin bəstəkarı Yan Sibeliusun “Violinorkestr üçün konsert”i ifa olunacaq. Solist beynəlxalq müsabiqələr laureatı Sergey Doqadindir.

Sergey Doqadin hələlik sonuncu mükafatını bu yay – P.İ.Çaykovski adına  XVI Beynəlxalq müsabiqədə qalib gələrək qazanıb. Bu, 31 yaşlı tanınmış skripka ifaçısının sayca doqquzuncu böyük qələbəsidir. Hazırda Vyanada yaşayan musiqiçi gərgin qastrol qrafiki ilə çalışıb, Çinin “Liangzhu International Arts Academy” tədris ocağında dəvətli müəllim olaraq işləsə də, məqam düşdükdə yenə də görkəmli pedaqoq Boris Kuşnirdən dərs alır. Sergey Doqadin bu barədə öz müsahibələrində deyir: “Məncə, bu, normaldır. Çünki ömür boyu çalışmaq, təkmilləşmək gərəkdir. Boris İsaakoviç məşhur pedaqoqdur, onun dərsləri səhər saat 7-dən gecə saat birədək davam edir. Çox məşhur ifaçılar Boris İsaakoviçin yanına gəlir, ondan özəl dərs aldıqlarını nəinki gizlədirlər, hətta bununla fəxr edirlər. Bilirsiniz, pedaqoqla çalışmaq çox vacibdir: sənin əsərə, öz ifana münasibətin bir cürdür, onunku isə tamam fərqlidir. Üstəlik, tez-tez səhnədə çıxış edəndə qulağın “dolur”.

İlk dəfə 2017-ci ildə 9-cu Rostropoviç festivalının açılışında, daha sonra 2018-ci il dekabrın 25-də Bakıda çıxış etmiş Sergey Doqadin bu dəfə Y.Sibeliusun ən yaxşı simfoniyalarından birini – “Violin ilə orkestr üçün  konsert”ini bizim böyük simfonik orkestrin müşayiəti ilə ifa edəcək. Yeri gəlmişkən, Doqadin Bakıya bundan əvvəlki  səfərlərində də maestro Rauf Abdullayevin idarəsi ilə çıxış etmişdi.

Sergey Doqadinin London filarmonik, Berlin simfonik, Münxen kamera orkestrləri, “Kremerata Baltica” orkestri kimi dünyanın məşhur kollektivləri ilə çıxış etdiyini, Y.Temirkanov, V.Gergiyev, V.Spivakov, M.Honekk, D.List, S.Sondeskis və digər görkəmli dirijorlar ilə əməkdaşlıq etdiyini nəzərə alsaq,  sentyabrın 18-də onun çıxış etdiyi konsertə gələnlərin mükəmməl ifadan yayılan musiqidən zövq alacağını gözləməkdə haqlıyıq.

 

Yevgeni Avramenko

 

Sentyabrın 20-də Kameraorqan musiqisi zalında konsert proqramı ilə çıxış edəcək. Qonağımız orqan ifaçılarının I Rusiya müsabiqəsinin və beynəlxalq müsabiqənin qalibi, orqan sənətinə dair rus dilində böyük internet portalının yaradıcısı, orqan musiqisinin təbliği məqsədilə bir neçə uğurlu layihənin müəllifidir. Moskva Dövlət Konservatoriyasının məzunu olan Yevgeni Avramenko uzun illərdir ki, Svetloqorsk şəhərində (Kalininqrad vilayəti) yaşayıb çalışır. S.V.Raxmaninov adına Musiqi Kollecində dərs deyir, şəhər kafedral kilsəsində orqan çalır, Rusiyanın şəhərlərində, Ukrayna, Belarus, Litva, Latviya, Qazaxıstan, Polşa, Almaniya və digər xarici ölkələrdə müntəzəm çıxış edir. İfaçının Üzeyir Hacıbəyli festivalında ilk dəfə Bakıda verəcəyi konsertin proqramına İ.S.Bax, D.Dianov, H.A.Ştamm, C.Talben-Boll kimi klassikmüasir bəstəkarlar ilə yanaşı, Azərbaycan bəstəkarı, Xalq artisti Arif Mirzəyevin də əsəri daxildir.

 

Filipp Kopaçevski

 

Bu gənc rusiyalı virtuoz pianoçu isə sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək. Moskva Dövlət Filarmoniyasının “XXI əsrin ulduzları” layihəsinin davamlı iştirakçısı olan Filipp Kopaçevskinin 29 yaşı var. Bu günə kimi Böyük Britaniya, Almaniya, ABŞ, Niderland, Fransa, İtaliya, Yunanıstan, Polşa, İspaniya, Yaponiyabaşqa ölkələrdə qastrol səfərlərində olub. Yaponiyada daha çox populyar olan F.Kopaçevskinin ifasında F.Şopenin fortepiano üçün əsərləri diskə yazılıb. Səkkiz beynəlxalq müsabiqənin laureatı olan pianoçunun Bakı konsertinin proqramında  E.Qriq, F.Şopen,  İ.Brams,  Q.Ginzburq kimi ən müxtəlif üslublu fortepiano musiqisi müəlliflərin əsərləri yer alıb.

Yeri gəlmişkən, Üzeyir Hacıbəyli festivalında iştirak onun Bakıya ilk gəlişi deyil. Fitri musiqi istedadı hələ çox kiçik yaşlarında parlamış Filipp maestro Mstislav Rostropoviçin gənc istedadlara göstərdiyi qayğını hiss edib, Rostropoviç Fondunun təqaüdçüsü olub. Bir neçə il əvvəl isə ənənəvi Rostropoviç festivalı çərçivəsində paytaxtımızda çıxış edib.  

 

Festivala ulduz tamaşası hədiyyəsi - “Bohema”

 

Festivalın 21 sentyabr tarixinin proqramı da qonaq-qaralıdır. Həmin axşam Akademik Opera Balet Teatrında italyan opera sənətinin incisi sayılacaq əsər – C.Puççininin “Bohema”sı oynanılacaq. Tamaşadakı iki əsas partiyanın ifaçısı artıq Bakı klassik musiqisevərlərinə yaxşı tanış olan Özbəkistanın Xalq artisti Ramiz Usmanov (Rudolf) Belarusun Əməkdar artisti Vladimir Qromov (Marsel) olacaq. Onlarla yanaşı, tamaşada əsas qadın qəhrəmanların partiyalarını bizim teatrın gözəl sopranoları – əməkdar artistlər Afaq Abbasova İnarə Babayeva oxuyacaqlar. Lakin tamaşanın dəvətli iştirakçılarının sayı bitmir. Orkestr pultu arxasında italiyalı dirijor Lorenso Taziyeri dayanacaq.

 

Lorenso Taziyerini tanıyaq...

 

Altı yaşından musiqiyə həvəs göstərmiş Lorenso Taziyeri Nikolo Paqanini adına konservatoriyada əvvəlcə violin, daha sonra fortepiano üzrə təhsil alıb. Lakin getdikcə operaya marağı artan Lorenso dirijor sənəti üzrə ixtisaslaşmağa üstünlük verib. Çox gənc ikən 2005-ci ildə öz simfonik orkestrini xorunu yaradıb. Milli beynəlxalq musiqi festivallarında çıxış edən kollektivin repertuarı barokkodan müasir dövrümüzədək dəyişir. 2010-cu ildən etibarən Avropa səhnələrində opera tamaşalarına dirijorluq edir, fərqli opera festivallarında çıxış edir.

2013-cü ildə “Assosiasiya Alleqro” hərəkatını təsis edərək,  bədii rəhbər kimi “Operàpolis” musiqi, təhsil sosial layihəsini uğurla həyata keçirir. Bir zamanlar musiqi istedadına, daha sonralar isə təşkilatçılıq idarəçilik qabiliyyətinə görə “musiqi vunderkindi” təxəllüsünü qazanmış 34 yaşlı maestro Lorenso Taziyerinin idarəsi ilə italyan operasına baxmaq maraqlı olar.

 

Dirijor demişkən...

 

Həmin axşam daha bir dirijor qonağımız Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsinə çıxacaq. Rusiyanın Xalq artisti, V.V.Andreyev adına Dövlət Akademik Rus Orkestrinin bədii rəhbəri və baş dirijoru Dmitri Xoxlov  Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrini idarə edəcək. Proqrama “Koroğlu” operasının uvertürası, Arif Məlikovun, Qara Qarayevin, rus bəstəkarları M.Musoroqski, M.Qlinka, P.Çaykovskinin xalq çalğı alətləri orkestri üçün işlənmiş əsərləri daxildir.

N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin professoru olan Dmitri Xoxlov istər rəhbərlik etdiyi orkestr ilə, istərsə də dəvətli dirijor kimi tez-tez xarici ölkələrdə çıxış edir. Bir zamanlar hətta Qazaxıstan və Monqolustan orkestrlərinin baş dirijoru olmuş, dünya, xüsusən də keçmiş sovet respublikalarının milli bəstəkarlıq məktəbləri ənənələrinə bələdliyi ilə tanınan dirijorun Azərbaycanın xalq çalğı alətləri orkestrinin konsertinin  maraqlı olacağını gözləməyə dəyər.

 

22  sentyabr - daha iki pianoçu qonağımızdır

 

Sentyabrın 22-də İtaliyanı təmsil edən Aleksandr Hacıyev Beynəlxalq Muğam Mərkəzində (saat 17.00) solo konsert verəcək. Soyadı bizə doğma gələn gənc musiqiçi əslən Serbiyadandır. Vaxtilə Moskva Konservatoriyasının nəzdindəki Mərkəzi Musiqi Məktəbində dərs demiş, qarışıq zamanlarda Serbiyadan İtaliyaya mühacirət etmiş, fortepiano üzrə görkəmli pedaqoq Siyavuş Hacıyevin oğludur. Aleksandr 1994-cü ildə İtaliyada dünyaya gəlib. Erkən yaşdan fortepiano qarşısına keçən gənc ifaçının ilk müəllimi atası olub. 10 yaşında ilk dəfə orkestrlə çıxış edən Aleksandr 30-cu “Premio Venezia” müsabiqəsində qalib gələndən sonra tanınmağa başlayıb. 2015-ci ildə Hamamatsu adına pianoçuların IX Beynəlxalq müsabiqəsində I mükafatı və tamaşaçı rəğbəti prizini qazanmış musiqiçi haqqında münsiflər heyətinin prezidenti Akiko Ebi demişdi: “Onun gücü interpretasiya bacarığındadır. Onun yozumları ənənəyə əsaslansa da, ənənəvi çərçivələrdən xeyli kənara çıxır”.

Aleksandr Hacıyev konsertdə L.V.Bethovenin, F.ListinS.Prokofyevin əsərlərini səsləndirəcək.

***

Həmin gün saat 19-da isə Heydər Əliyev Sarayında Xalq artisti Rauf Abdullayevin idarəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə daha bir virtuoz pianoçu – beynəlxalq müsabiqələr laureatı Xatiya Buniatişvili çıxış edəcək.

Xatiya Buniatişvili Gürcüstanın Batumi şəhərində (1987) dünyaya gəlib. Tbilisi Dövlət Konservatoriyasını bitirib. Bir neçə beynəlxalq müsabiqədə qalib gəlib, 2010-cu ildə “Borletti-Buitoni Trust Award” mükafatının laureatı olub. Xatiyanın böyük bacısı Qvansa Buniatişvili də tanınmış pianoçudur. Bəzən bacılar birlikdə konsert verir, fortepiano dueti olaraq da çıxış edirlər.

Hazırda Parisdə yaşayan Xatiya Buniatişvilinin Bakıdakı ilk konsertində Azərbaycan bəstəkarları Fikrət Əmirov, NiyaziElmira Nəzirovanın əsərləri ifa olunacaq.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.5.