Hafizələrdə iz salan kiçik rollar ifaçısı

 

 

İşıqlı düşüncəyə malik insanlar mütləq yaradıcı olurlar. Onların fərdi təfəkkürü, həyata fərqli baxışı ətrafda baş verən hadisələri müşahidədən əlavə, müqayisələndirməsinə səbəb olur, daxili təlatümünə, hisslərinə əsasən isə daha dərin dəqiq təhlil etməsinə, cavablandırmasına imkan verir. Belə insanlar çox vaxt nəticə etibarilə həyat yaşam üçün vacib olan ümdə peşələri özündə əks etdirən aktyorluq məsləyini seçirlər, bir ömürdə min ömür yaşayırlar. İstedadlı aktyor Fazil Salayev həyat fəlsəfəsini, xarakterləri sevib-seçdiyi məsləyində tədqiqat obyektinə çevirən sənətkarlarımızdandır.

Onun haqqında “az yazılıb, az danışılıb” sözləri işlənsə , yazılan məqalələr, hazırlanan verilişlər istedad sahibinin yaradıcılığının gənc nəsillərin diqqətində olduğundan xəbər verir. Bəs, görəsən, teatr fəaliyyətini yarımçıq qoyan, kinoda epizod rollar yaradan aktyorun hansı sənət taktikası sənətsevərləri düşündürür, yaradıcılığını diqqət mərkəzində saxlayır? Bu kimi suallar bənzərsiz yaradıcılıq nümayiş etdirən aktyorun  bioqrafiyasına bir qədər ətraflı nəzər salmağımıza əsas verir.

 

Tragikomik aktyor

 

Fazil Salayev Azərbaycan kinosunda yumor satiranın rəngarəng boyaları ilə işləyən, vəziyyətdən yaranan, gülüşdoğuran situasiyaları komediya səviyyəsində tamaşaçıya çatdıran, bununla da komik janrın idrak gücünü, ciddiliyini təsdiqləyən aktyorlarımızdandır. Onun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-a yaxınMozalan” satirik kinojurnalındakı süjetlər daxil olmaqla) filmdə yaratdığı maraqlı yaddaqalan rolları bunu bir daha sübut edir.

Geniş yaradıcılıq imkanlarına, maraqlı səhnə plastikasına malik aktyorun sənət yönümü tragikomik istiqamətdə inkişaf edib. Bəlkə bu seçim obrazların təfsirində, aktyorun rola olan münasibətindən, biixtiyar yaranıb. Personajların xarakterinin dolğun yaşarı təqdimatına görə orijinal yaddaqalımlı alınıb. Xarakterik simaya malik aktyorun teatr fəaliyyətindəki zəruri xüsusiyyətlərini görən kinorejissor Həsən Seyidbəyli onu 1963-cü ildə quruluş verdiyi “Möcüzələr adası” filminə dəvət edib. Fazil Salayevin kino obrazlarının ardıcıllığı da bu filmdən sonra başlayıb.

 

Debüt rolun uğuru

 

Onun kiçikplanlı rollarının hafizələrə yazılmasının əsas səbəblərindən biri , rolun daxili mənini duyub göstərməsindən əlavə, tərəf-müqabilinin ifasını həssaslıqla hiss edib, onun davranış xüsusiyyətinə cavab olaraq oyun nümayiş etdirməsində idi. Nəticədə rola filmin atmosferinə uyğun düzgün mizanladığı personajlar inandırıcı alınır, kadrlardakı düşünülmüş həyat hekayələri real təsir bağışlayırdı.

Aktyorun “Möcüzələr adası”nda rola uyğun təqdim etdiyi maraqlı bənzərsiz jestlər obrazın xarakterinin açılmasına, tanıdılmasına səbəb olub. Filmdə onun öz adı ilə canlandırdığı obrazın (Fazil) tənbəl, hardasa yalançı, baməzə xüsusiyyəti personajın dəqiq həyat mövqeyi olmadığından xəbər verir. Obrazın dialoq monoloqlarını, jest hərəkətlərini izlədikcə həyat tərzinin mahiyyəti, sonrakı yaşamı haqqında narahatlıq hissi keçirirsən. Düşünürsən ki, görəsən, məqsədyönlü missiyası olmayan, rahat, bəsit həyat tərzi arzulayan gənci ətrafı, mühiti aşiq olduğu qız ciddi qəbul edəcəkmi?

Dənizdə, qurudan kilometrlərlə uzaqda salınan “Neft Daşları”nda yaşayan insanların rahatlığını təmin etmək, onlara estetik gözəllik bəxş etmək məqsədilə qurudan torpaq daşınıb, güllər becərilib, park salınıb. Bağban Qulam dayı (aktyor Yusif Yulduz) min bir əziyyətlə becərdiyi güllərin hər gün dərildiyindən narahatdır. Şübhələr şəhərciyin sakinlərindən olan Samiyə adlı qıza aşiq olan baməzə xarakterli Fazilin üzərində cəmlənib. Nəhayət ki, Samiyə dənizin ortasında min bir əziyyətlə yetişdirilən gül oğrusunu tutur onu bağbana təhvil verməyə tələsir. Cütlüyün (Samiyə Fazilin) vəziyyətə uyğunlaşdırılmış mimika jestləri, pantomim hərəkətləri, susqun dialoqları personajların mübaliğəli anlaşılmaz münasibətini şərh edir. 

Samiyə “Neft Daşları”na yeni gələn, burdakı həyata alışmayan “gül oğrusu”na acıqlı olsa da, xaraktersiz “qəhrəman”ın cahil davranışının səbəbini ona olan sevgisi ilə əlaqələndirir. Qızı məsum baxışları ilə müşayiət edən fərsiz ümidsiz gəncin gülməli durumu qəribə cəhətləri filmin süjetini komik səmtə yönəldir, hadisələrə rəng qatır. Cavabsız sevginin (Kamrana olan hisslərinin) kədərini hiss edən Samiyə isə “cəfakeş” aşiqin şanssızlığını onun öz boyuna biçir, sevgisinin uğursuzluğunu boylarının uyğunsuzluğu ilə əlaqələndirir. Vəziyyətdən yaranan gülməli situasiyalar vasitəsilə paradoksal prinsiplərin məzmunu açılır, peşəkar rejissor traktovkasında, məharətli aktyor ifasında sadə priyomlarla həyatın daha dərin qatlarına nüfuz edilir, qəribə fərqli münasibətlər fonunda düşündürücü həssas nüanslar qabardılır. Hadisələrə intuitiv yanaşma, peşəkar təqdimat sayəsində personajlar lazımsız dialoqdan, şablon ifadan xilas olur, filmin məna dəyəri artır, süjeti zənginləşir. Beləcə, Fazil Salayevin kinodakı debüt rolunun uğuru məhz bu kimi faktlara əsasən karyerasına işıq salır.

 

Kino karyerasında ardıcıllıq

 

“Möcüzələr adası” filmindən sonra istedadlı aktyor “Ulduz” kinokomediyasında müxbir, “Sən niyə susursanda Ramazan, “Bir cənub şəhərində” filmində məhəllə sakini, “Şərikli çörək” kinodramında Məhəmməd, “Bizim Cəbiş müəllim”də Mıkkı, “Axırıncı aşırım”da Rəşid, “Ömrün səhifələri” kinoalmanaxına daxil olan “Rəqiblər” novellasında Fazil, “Alma almaya bənzər”də Mehdi, “Dərviş Parisi partladır”da Qulaməli, “Ürək, ürək”də usta, “Şir evdən getdi” filmində İbrahim “Mozalan” satirik kinojurnalında maraqlı, koloritli rollar yaradıb. 

Müxtəlif janrlı filmlərdən də görünür ki, hər bir rol aktyordan fərqli yaradıcılıq, yeni axtarışlar tələb edib. Güclü intuisiya və səhnə plastikasına əsasən ekran obrazlarını yaddaşlara yazan aktyorun uğurlu yaradıcılığı bir daha sübut edir ki, Fazil Salayev hər janrüsluba uyğun yaradıcılıq nümayiş etdirməyi bacaran sənətkar idi. Kamera qarşısındakı personajlara uyğunlaşdırdığı jest və hərəkətlərinin dolğunluğu isə sənət texnikasını bilməsindən, dəqiq müşahidə qabiliyyətinin zənginliyindən irəli gəlirdi.

“Sən niyə susursan?” filmində cinayətkarın cahil xüsusiyyətləri, cəmiyyət üçün təhlükəli olması personajın görünüş və davranışında əksini tapıb. Obrazı anidən maşının qarşısına atılan görən tamaşaçı üçün tipin kimliyi maraq doğurur, sürücü (Rasim) ilə dörd dəqiqəlik dialoqu sayəsində isə onun təhlükəli kimliyi bəlli olur. Çirkin məqsədini həyata keçirmək üçün heç nədən çəkinməyən, yalana və hiyləyə əl atan bu obraz “utan utanmazdan, qorx qorxmazdan” deyiminin əyani sübutunu göstərir, həmçinin doğru aktyor yanaşması (rola münasibəti) incə, kövrək hisslərin kölgəsində gizlənən bədniyyətli caninin simasında insanlara hər an ayıq-sayıq olmaları mesajını çatdırır. Fazil Salayevin peşəkarlığı da ekran obrazlarına ayrılan az müddət ərzində çox söz ifadə etməsində idi. Hafizələrdə iz salan kiçikplanlı rolun mahiyyətini dərk etdikcə aktyorun sənət qarşısında nə qədər böyük məsuliyyət daşıdığını, tamaşaçılara olan sevgisini ifası vasitəsilə çatdırdığını görürük. Bu rolların peşəkar, anlayışlı təqdimatını izlədikcə isə Fazil Salayev imzasını ustad sənətkar kimi qəlblərimizə yazırıq.   

 

Xarakterlər ustası

 

Kino hər zaman teatr aktyorlarına böyük məmnuniyyətlə qucaq açıb. Fazil Salayev  uzun illər çalışdığı teatrdan (Akademik Dram Teatrı) küsüb kinoya üz tutduğu vaxtlarda da korifey kino rejissorlarımızdan H.Seyidbəyli, Ş.Mahmudbəyov, K.Rüstəmbəyov, A.Babayev və digərləri böyük məmnuniyyətlə aktyorun yaradıcılığına müraciət etdilər. Çünki yaxşı bilirdilər ki, kiçik rolun mahiyyətini təsdiqləmək, rejissor ideyasını azhəcmli rolda belə cilalamaq mürəkkəb olduğu qədər də maraqlı jestlər sahibinin yaradıcılıq prinsipidir. Buna görə də belə rolları böyük məmnuniyyətlə xarakterlər ustasına həvalə edirdilər.

“Dərviş Parisi partladır” filmini yada salaq. İlk baxışda avam fərsiz görünən Qulaməli əslində hiyləgər fırıldaqçıdır. O, dərvişin əmrlərinə can-başla tabe olaraq insanların sadəlövhlüyündən istifadə edir, təmkinlə, bacarıqla onları aldadır. Filmin finalında Qulaməlinin susqun nigaran halda öz “məharəti”nin nəticəsini gözlədiyini görürük. Qulluqçu Sənəmə (Səfurə İbrahimova) dərvişin göstərdiyi mərəkənin mahiyyətini anladan Qulaməlinin baxışlarında inamsızlıqla yanaşı, narahatlıq da var. Yanğından (partlayışdan) sonra isə tökülmüş üst-başına əhəmiyyət verməyən Qulaməli hətta dərvişin ona təlaşla dediyi “ay axmaq, bu qədər barıt qoymaq olar...” sözünə biganə reaksiya verərək saya salmır. Çünki ətrafdakılar üçün təhlükə yaradan “bacarığı” onun məmnunluqla izlədiyi “qələbəsidir”, “əməyinin bəhrəsi”dir. 

Fazil Salayevin əminliklə mizan verdiyi, səmimiyyətinə reallığına inandırdığı rolların məzmunu filmlərin süjetinin məna dəyərini artırır tamamlayır. Rolun psixologiyasının, tanıtım xəttinin hansı vacib nöqtədən vurğulanmalı olduğunu dəqiq çatdıran aktyorun mənalı baxışı, orijinal, koloritli jestləri tamaşaçı fikrini doğru səmtə yönəldir, çəkildiyi kadrlar düşüncə mənbəyinə çevrilir. Elə buna görə forma məzmunundan asılı olmayaraq bütün rolları hafizələrə yazılıb, yaddaşlarda iz salıb.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.7.