Musiqili avqust axşamları

 

Heydər Əliyev Mərkəzinin parkında konsert proqramları təşkil olunub

 

Bakıdakı Heydər Əliyev Mərkəzi yay mövsümündə mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Ayrı-ayrı idman növləri və incəsənət sahələrinə aid ustad dərsləri, məşğələlər, yarışlar, həmçinin konsertlər və rəqs axşamları təşkil edilir. Bu tədbirlər paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli və maraqlı keçirmələri, azyaşlıların istedad və bacarıqlarının aşkar edilməsi, inkişafı məqsədilə təşkil olunur.

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə konsert keçirilib.

Konsertdə Əməkdar artist Miri Yusif, müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və “Qurd” tamaşaçılara maraqlı proqram təqdim ediblər.

Hazırda Moskvada yaşayan azərbaycanlı ifaçı Jony də gecənin xüsusi qonağı olub. Konsert proqramı çoxsaylı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Heydər Əliyev Mərkəzinin parkında avqustun 24-də keçirilən konsertdə isə Xalq artisti Faiq Ağayev çıxış edib.

Estrada ulduzu tamaşaçılar qarşısına repertuarındakı məşhur mahnılar ilə çıxıb. Konsert proqramı izləyicilərdə coşqu doğurub.

Mərkəzin parkında avqustun 25-də ilk dəfə təşkil olunanRed Bull Dance Your Style” rəqs yarışması da böyük izləyici kütləsi toplayıb.

Red Bull Dance Your Style” müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdikləri beynəlxalq rəqs yarışmasıdır. Yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. 2019-cu il ərzində isə dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.

Bakı seçimlərində 16 yerli rəqqas iştirak edib. Yarışmada münsif heyəti olmayıb, münsiflər rolunda tamaşaçılar çıxış ediblər. Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycandan olan qalib - Rayman Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparacaq.

Tədbirin qonaqları 2017-ci ildə Azərbaycanda keçirilən “Red Bullmusiqi yarışmasının qalibi DJ Timin təqdim etdiyi musiqilərdən zövq alıblar. Onu da qeyd edək ki, DJ Tim 2018-ci ildə Polşada keçirilən “Red Bulldünya musiqi çempionatında Azərbaycanı təmsil edib.

Yarışmanın sonunda müğənni Rauf Əhmədov çıxış edib.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.8.