Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi

 

 

Beynəlxalq Muzeylər Şurasının Kiotoda keçiriləcək Baş konfransı bu mövzuya həsr olunub

 

Sentyabrın 1-dən 7-dək Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının (İCOM) 25-ci Baş konfransı keçiriləcək. İCOM-un Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın rəhbərlik etdiyi nümayəndə heyəti də konfransda iştirak edəcək. Tədbirdə İCOM Azərbaycan Milli Komitəsinin 19 üzvünün (14 iştirakçı və 5 məruzəçi) iştirakı nəzərdə tutulub.

Üç ildən bir keçirilən konfrans dünyanın muzey ictimaiyyətini mühüm mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığı genişləndirmək üçün bir araya toplayır. Budəfəki konfrans “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında keçiriləcək. Son illər dünyanın bütün qabaqcıl və işlək muzeyləri belə bir məsələ ətrafında çox düşünürlər: muzey bir mədəniyyət saxlancı, araşdırma mərkəzi olaraq cəmiyyətin inkişafına necə töhfə verə bilər?

Dünyada baş verən çoxsaylı qlobal siyasi, iqtisadisosial dəyişikliklər fonunda iqlim dəyişikliyi, yoxsulluq, münaqişələr, təbii fəlakət və ətraf mühitlə də bağlı problemlərin nəzərə alındığı şəraitdə muzeylər dincsabit gələcəyin bərqərar olunmasına necə kömək edə biləcəklərini tapmaq, ritmi çevikləşən dünyada tarixin qorunduğu məkanların yeriyeni rolu barədə tez-tez düşünməli olurlar.

Ölkəmizin nümayəndə heyətinin üzvü, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova da bizimlə söhbətində mövzunun aktuallığına diqqət çəkdi. Bildirdi ki, müzakirə ediləcək mövzu ətrafında bizim də deyiləsi sözümüz var. Məsələn, Musiqi Mədəniyyəti Dövlət Muzeyində artıq on bir ildir ki, “Klassik musiqi həvəskarları klubu” fəaliyyət göstərir. Klubun hər ay keçirilən görüşlərində musiqinin ən müxtəlif aspektləri barədə söhbətlər aparılır, musiqiçilərin ifaları dinlənilir, yubileylər, tarixi günlər qeyd edilir. Hətta klubun növbəti görüşündə hansı mövzunun seçilməsinə, kimin qonaq olmasına da üzvlər qərar verirlər. Görüşün sonunda onlar sorğu vərəqində öz təklif və istəklərini yazır, təşkilatçılar da rəyləri toplayıb uyğun qərar çıxarırlar.

Həmsöhbətimin sözlərinə görə, nümayəndə heyətinin İCOM Baş konfransına təqdim etdiyi məruzələrdən biri bu klubun fəaliyyəti haqqındadır. Alla Bayramova konfransın müvafiq bölməsində “Musiqi həvəskarları klubu dayanıqlı mədəni fəaliyyətin nümunəsi kimi” adlı məruzə ilə çıxış edəcək. Onun digər məruzəsi “Azərbaycan musiqi mədəniyyətinin inkişafında təhsilin rolumuzeyin təhsilə töhfəsi” mövzusundadır.

 Milli komitənin sədri Şirin Məlikova “Günəşin doğduğu ölkə və odlar ölkəsi – kəsişmə nöqtələri” adlı məruzəsini təqdim edəcək. Sənətşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Röya Tağıyeva “Muzeylər və qeyri-hökumət təşkilatları: mədəni ənənələrin qorunması sahəsində sıx əməkdaşlıq” adlı məruzəsində çoxillik təşkilatçılıq təcrübəsini həmkarları ilə bölüşəcək. “İçərişəhər” Muzey Mərkəzinin Ekspozisiyalar və beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Həcər Alxasova “İçərişəhərdə şəhər arxeologiyası” mövzulu məruzəsi, müstəqil ekspert  Əsli Səmədova  “Qadın səsi: ənənə, moda və zəriflik Qafqazdaonun hüdudlarından kənarda” adlı məruzəsini təqdim edəcək.

İCOM-un Kioto konfransında Azərbaycan Milli Komitəsi üçün mühüm sayılacaq daha iki məqam var. Tədbir çərçivəsində gənc muzey işçiləri üçün nəzərdə tutulmuş mentor sessiyalardan birini aparmaq üçün İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova dəvət alıb. O, “Muzey idarəçiliyi” sessiyasını aparacaq. Digər məqam İCOM İdarə heyətinə üzvlüklə bağlıdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova İdarə heyətinə namizəd kimi seçkidə iştirak edəcək.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.2.