Astana-Balet” “Məhəbbət əfsanəsi” ilə Daşkənd səhnəsini fəth edib

 

 

Arif Məlikovun məşhur əsəri yeni quruluşda təqdim olunub

 

Özbəkistanda keçirilən Qazaxıstan günləri çərçivəsində “Astana-Balet” teatrının kollektivi avqustun 24-də və 25-də Daşkəndin Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrında görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletini təqdim edib.

Məşhur xoreoqraf, SSRİ Xalq artisti Yuri Qriqoroviçin quruluş verdiyi bu sənət şedevri 1961-ci ildə Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında, ardınca Moskvadakı Böyük Teatrda təqdim edildikdən sonra dünyanın bir çox səhnələrini fəth edib.

“Məhəbbət əfsanəsi”ni bu dəfə “Astana-Balet“də Qriqoroviçin köməkçiləri, Böyük Teatrın keçmiş solistləri Ruslan ProninOksana Svetnitskaya səhnələşdiriblər.

“Astana-Opera”nın dirijoru Arman Urazqaliyev isə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının orkestri ilə birlikdə sənət möcüzəsi yaradıb: texniki cəhətdən yeni üslubda çıxış edən musiqiçilər ifa etdikləri əsərin dərinliklərinə nüfuz edə biliblər.

Tamaşa ilə bağlı keçirilən mətbuat konfransında Fərhad partiyasının ifaçısı, “Astana-Baletin ulduzu Fərhad Buriyev qeyd edib ki, ona məhz bu əsərin qəhrəmanının adını qoyublar, indi isə baletdə əsas partiyanı ifa etmək ona nəsib olub. İstedadlı artist bildirib ki, özü üçün çox yaxın və doğma olan bu obrazı ifa edərkən hər bir hərəkəti qəlbinin dərinliklərində duyub, bir çoxlarını isə özü interpretasiya edib.

Astana-Balet” “Məhəbbət əfsanəsi”nin yeni quruluşunu Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun (1933-2019) doğum gününə (13 sentyabr) ithaf edib.

Tamaşa anşlaqla keçib. Daşkənd teatrının zalını doldurmuş tamaşaçılar Arif Məlikovun musiqisini, “Məhəbbət əfsanəsi”nin onilliklərdir dünya səhnələrini fəth edən xoreorqafik quruluşunun qazaxıstanlı artistlər tərəfindən ifasını gur alqışlarla qarşılayıblar.

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.8.