Afinada milli kitabxana direktorlarının növbəti toplantısı

 

 

 

Xəbər verdiyimiz kimi, 24-30 avqust tarixində Yunanıstanın paytaxtı Afinada Kitabxana Assosiasiyaları və İnstitutlarının Beynəlxalq Federasiyasının (İFLA) illik konqresi keçirilir. Konqres çərçivəsində avqustun 27-də Milli Kitabxana Direktorları Konfransının növbəti illik iclası olub.

İclasda Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova da iştirak edib. Milli Kitabxanadan verilən məlumata görə, iclasda Milli Kitabxanalar Daimi Komitəsinin hesabatı dinlənilib. “Milli Kitabxanalar bu gün və gələcəkdə niyə vacibdir?”, “Dünya Milli Kitabxanalarının funksiyaları və fəaliyyətinin vizuallaşdırılması”, “Gənclərin mütaliəyə marağını artırmaq məqsədilə Milli Kitabxanalarda həyata keçirilən layihələr” mövzularında təqdimatlar olub, diskussiyalar aparılıb.

Müzakirələrdə gənclərin mütaliə maraqlarının artmasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan “Açıq kitabxana” layihəsi müsbət rəy alıb.

Yekun olaraq Milli Kitabxana Direktorları Konfransının sədri Lily Knibbeler 2019-cu ildə görülən işlər haqqında hesabat verib. İclasdan sonra Yunanıstan Milli Kitabxanasının baş direktoru Filippos Tsimpoglou qonaqları kitabxananın yeni binası ilə tanış edib.

İclas iştirakçıları İFLA konqresi üçün nəzərdə tutulmuş mədəni proqrama da qatılıblar.

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.4.