Yuğ teatrının 30 illik yubileyi qeyd olundu      

 

 

“Azərbaycan üçün təlatümlü dövrdə yaranan bu teatr insanlara yeni ruh vermək istəyirdi”

 

Dekabrın 3-də Yuğ Dövlət Teatrının 30, teatrın yaradıcısı – görkəmli rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş mərasim keçirildi.

Yubiley axşamı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında təşkil olunmuşdu.

Əvvəlcə qonaqlar foyedə Yuğ teatrının 30 illik fəaliyyətini əks etdirən fotosərgi ilə tanış oldular. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgi teatrın yaranması və sənət yolunun müxtəlif mərhələlərini əks etdirirdi.

Yubiley tədbirində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, bu gün 147 illik böyük sənətin – milli peşəkar teatrımızın bir parçası olan Yuğ teatrının bayramına yığışmışıq: “30 il bundan əvvəl Azərbaycan üçün təlatümlü olan bir dövrdə bu teatr xalqa xidmət üçün yarandı. 18 oktyabr 1989-cu ildə Həsənağa Turabovun rəhbərliyi və Vaqif İbrahimoğlunun təşəbbüsü və iştirakı ilə yeni bir teatr fəaliyyətə başladı – Yuğ əfsanəyə, adət-ənənələrə müraciət idi. O dövrdə teatr insanlara yeni bir ruh vermək istəyirdi”.

Beləliklə, yeni ideoloji axtarışlara malik bir teatr yarandı və yaranması ilə də öz auditoriyasını yaratdı. Bu, Azərbaycanın teatr həyatında fövqəladə və dəyərli bir hadisə idi: “Yuğ teatrının adı Vaqif İbrahimoğlunun adı ilə bağlıdır. O, az yaşadı. Buna baxmayaraq müasir teatr sənətinin inkişafında, yeni fəlsəfi axınında onun öz rolu, öz yeri var. Vaqif İbrahimoğlu digər sahələrə də öz baxışı və yeni düşüncəsi ilə seçilirdi. Kinoteatrda onun sənəti həmişə yeni bir axın kimi dəyərləndirilib”.

Qeyd olundu ki, Yuğ teatrı yaranandan bu günə qədər millixarici klassiklərin, eləcə də müasir müəlliflərin əsərləri əsasında 150-yə yaxın tamaşa hazırlanıb. Teatrın ilk işi M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında hazırlanan “Salam” tamaşası olub. Kollektiv bu illər ərzində klassik şairlərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib. Bununla yanaşı, teatrın repertuarında C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev, dünya klassiklərindən U.Şekspir, S.Bekket, A.P.Çexov, R.Akutaqava, F.Kafka, A.S.Ekzüperi kimi müəlliflərin də əsərləri oynanılıb.

Əbülfəs Qarayev çıxışında daha sonra dedi: “Bu günYuğ teatrı öz fəaliyyətini davam etdirir. Bilirik ki, teatrın bina cəhətdən bəzi problemləri var. Bununla bağlı məsələlər nəzərdən keçirilir. Dövlət Kukla Teatrının binasında məskunlaşan teatr gələcəkdə yeni bir məkanda yeni ideyalarla tamaşaçıların görüşünə gələcək. Bu gün şövqlə işini davam etdirən kollektivi təbrik edir, uğurlar arzulayıram. Bu teatr insanları, cəmiyyəti həmişə düşündürüb və hər zaman sənətə yeni baxışı ilə seçilib. Teatr sənəti ölməzdir və əbədiyaşardır. Sonda onu da qeyd etmək istərdim ki, yubiley münasibətilə teatrın bir qrup əməkdaşı nazirlik tərəfindən mükafatlandırılıb və yaxın günlərdə mükafatlar sahiblərinə təqdim olunacaq”.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov kollektivə təbriklərini çatdıraraq, Vaqif İbrahimoğlu ilə bağlı xatirələrini bölüşdü, teatrın yaranma tarixinə nəzər saldı. Bildirdi ki, Vaqif teatrı xalqımız üçün çox çətin bir dövrdə yaratdı: Buna baxmayaraq çətin bir dövrdə xalqın sənətə vurğunluğu  Vaqifin iradəsi bu teatrı yaşatdı. Bu gün onun ideyalarına sadiq qalan kollektivi Teatr Xadimləri İttifaqı, teatr ictimaiyyəti və Akademik Milli Dram Teatrının adından təbrik edir, yaradıcı heyətə uğurlar arzulayıram”.

Daha sonra yubiley tədbirində teatrın müxtəlif tamaşalarından parçalar nümayiş olundu. Bu, eyni zamanda Vaqif İbrahimoğlunun Azərbaycan mədəniyyətinə bəxş etdiyi teatrın tarixinə və inkişaf yoluna bir baxış idi. Nağıl-tamaşa şəklində təqdim olunan gecə “Yuğ elə Vaqif İbrahimoğludurVaqif İbrahimoğlu elə Yuğdurmövzusu üzərində qurulmuşdu.

Yubiley gecəsində “Salam” tamaşasından parçanı oynayan Xalq artisti Fəxrəddin Manafov daha sonra çıxış edərək Yuğa gəlişi ilə bağlı xatirələrini bölüşdü.

...Vaqif İbrahimoğlu teatrı axtarırdı. Nəhayət, bu axtarışlar onun öz teatrını – Yuğ teatr-studiyasını yaratması ilə nəticələndi. Əslində, V.İbrahimoğlu rejissor fəaliyyətinə başladığı dövrdən məhz yuğ tipli, yuğ amallı bir teatrın yaradılmasına doğru gedirdi. Rejissorun quruluşunda səhnə həyatı qazanan, az qala hər biri hadisəyə çevrilən tamaşalar isə bu yolda atılan addımlar idi... Bir sözlə, Yuğ Vaqif İbrahimoğlunun nağılıdır və o, yaşamaqla cismən həyatda olmayan yaradıcısını da yaşadır...

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.1;2.