Mədəniyyət Nazirliyində Litva səfiri ilə görüş

Azərbaycanla Litva arasında mədəni əməkdaşlığın inkişafı üçün perspektivlər var. Bu fikir dekabrın 3-də Mədəniyyət naziri Əbülfəs Qarayevin Litva Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Egidijus Navikasla görüşündə vurğulanıb.

Qonağı yeni təyinatı ilə əlaqədar təbrik edən nazir ona fəaliyyətində uğurlar diləyib.

Əbülfəs Qarayev 2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyəti Paytaxtı və Vilnüs şəhərinin Avropa Mədəniyyəti Paytaxtı elan edilməsi ilə əlaqədar iki ölkə arasında mədəniyyətlərarası dialoq kontekstində mühüm mədəni tədbirlərin həyata keçirildiyini xatırladıb. Litva Respublikasının ölkəmizdə mütəmadi olaraq təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarında aktiv iştirakından məmnunluq ifadə olunub. Nazir 2014-cü ildə Litvaya səfəri çərçivəsində mühüm görüşlər keçirdiyinibunun nəticəsində bir sıra müştərək tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb.

Egidijus Navikas təbrikə və səmimi qəbula görə təşəkkür edərək, əməkdaşlığı inkişaf etdirmək məqsədilə səfirlik tərəfindən bir sıra mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirib, bu məsələdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyinə ümid etdiyini vurğulayıb.

Görüşün sonunda nazir Əbülfəs Qarayev Azərbaycan Prezidentinin Litva Respublikasına səfəri çərçivəsində 2007-ci ilin 13 sentyabr tarixində Vilnüs şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin əsasında Fəaliyyət Planının işlənib hazırlanmasını təklif edib.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.2.