Regionlarda ustad dərsləri

Xalq teatrları və dram dərnəklərində səhnə yaradıcılığı

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı və Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə təşkil edilmiş Respublikada fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərində aktyorların səhnə yaradıcılığında mühüm sayılan yaddaş və diqqət məşğələlərinin təşkili adlı ustad dərsləri dekabrın 3-də başa çatıb.

Layihə mədəniyyət mərkəzlərinin bədii rəhbərləri, rejissorları, dram dərnəklərinin rəhbərlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması, xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir. Ağstafa, QazaxTovuz rayonlarının mədəniyyət mərkəzlərində (filialları ilə birlikdə), klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri, rejissorları və aktyorlarının iştirak etdiyi dərsləri MEMİM-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi Hikmət Nəbili aparıb.

Bağlanış tədbirində regional idarənin rəis müavini Gülgün Kərimov, idarənin əməkdaşı Xalis İsmayılov iştirak edib.

Çıxışlarda xalq teatrlarının bölgələrdə gənc istedadların üzə çıxarılması, əhalinin mədəni istirahətinin təşkilində rolu vurğulanıb, yeni formatlı, eksperimental tamaşalar qurulmasının vacibliyi qeyd olunub.

İnstrumental ifaçılıqla bağlı məsləhətlər

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi və incəsənət məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə tanınmış musiqiçilərin, aparıcı təhsil müəssisələrinin təcrübəli müəllimlərinin iştirakı ilə rayon, şəhər və kənd uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil edilir.

Növbəti ustad dərsləri 28-29 noyabr tarixində Habil Əliyev adına Ağdaş şəhər və Arif Məmmədov adına Göyçay rayon uşaq musiqi məktəblərində keçirilib.

Ustad dərslərini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ramiz QuliyevAbşeron rayon Xırdalan şəhər Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov aparıblar.

Dərs zamanı tarzən şagirdlərə tarın temperasiya imkanlarından, səs üzərində , muğam ifaçılığı və konsertmeysterlə barədə ətraflı danışıb.

Xoreoqrafiya ixtisası üzrə təhsil alanlar üçün

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 29-da Balakən şəhərində Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən uşaq incəsənət məktəblərində xoreoqrafiya ixtisası üzrə təhsil alan şagirdlər üçün ustad dərsləri təşkil olunub.

Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Əməkdar artist Elçin Allahverdovun iştirakı ilə keçirilən ustad dərsləri uşaq incəsənət məktəblərində xoreoqrafiya ixtisası üzrə tədrisin keyfiyyətini artırmaq, məktəblərdə və mədəniyyət müəssisələrində xoreoqrafiya sahəsində çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsini yüksəltmək, istedadlı uşaq və yeniyetmələri aşkara çıxarmaq məqsədi daşıyıb.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.2.