55 yaşı ərəfəsində yenidən parlayan “Ulduz”

 

 

 

Məşhur filmin rəqəmsal formatda yenilənmiş versiyası təqdim edildi

2020-ci ildə “Ulduz” filminin ekranlara çıxmasının 55 illiyi qeyd olunacaq. “Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olan “Ulduz”u 55 illik yubileyi münasibətilə bərpa edib.

Dekabrın 3-də Nizami Kino Mərkəzində “Ulduz” bədii filminin yenilənmiş versiyası tamaşaçılara təqdim olundu.

Təqdimatdan öncə “Ulduz” filminin Yetəri –  Əməkdar artist Suğra Bağırzadə media nümayəndələrinin suallarını cavablandırdı. Aktrisa Yetər obrazına necə seçilməsi haqqında danışdı: “Mən 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində “Cücələrim” mahnısını oxuyanda operator Yuli Fogerman bu səhnəni bir arxiv materialı kimi çəkmişdi. Mən bu operatorun o vaxtdan yadında qalmışdım. Onu “Ulduz” filmini çəkmək üçün Bakıya dəvət edəndə filmin rejissoru Ağarza Quliyevdən məni tapmağı xahiş etmişdi. Mən isə o vaxt kinostudiyada aktrisa kimi filmlərin səsləndirilməsində korifey sənətkarlarla birlikdə çalışırdım. Elə oldu ki, məni kinostudiyada çəkiliş qrupuna dəvət edib Yetər obrazını verdilər. Sözün düzü, filmin rejissoru 15 yaşım olduğunu bildiyindən məni bu filmə çəkmək istəmirdi. Amma Yuli Fogerman mənə bir operator gözü ilə baxmışdı məni çəkməkdə israrlı idi. Hətta məni sınaq çəkilişlərinə çağıranda demişdi ki, çəkilişə gələrkən hündür daban ayaqqabı geyin, saçına düzən ver ki, böyük qız kimi görünəsən. Elə etdim. Məni bu rola təsdiq etdilər”.

Təqdimat mərasimində çıxış edən “Balans” milli rəqəmsal studiyasının rəhbəri Vahid Mustafayev bildirdi ki, “Ulduz” filmi Azərbaycan kinosunun incilərindən sayılır: “Gələn il filmin 55 yaşı tamam olur. Biz qərara gəldik ki, filmin yenilənmiş versiyasını hazırlayaq. Rəqəmsallaşdırılmış filmdə bəzi qüsurlar aradan qaldırılıb, səs effektləri tam səlis formaya salınıb”.

Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev filmin bəstəkarı Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov çıxış edərək filmin yenidən bərpasına görə “Balans” milli rəqəmsal studiyasına bu layihəyə dəstək verdiyinə görə “Səba” Açıq Səhmdar Cəmiyyətinə  təşəkkürlərini bildirdilər.

Sonda “Ulduz” bədii filminin yenilənmiş versiyası nümayiş olundu. Kinokomediya iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışır.

Qeyd edək ki, tamaşaçıların hər zaman maraqla baxdığı film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettası əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami kinoteatrında “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Bahadur Əliyev digər məşhur sənətkarlar rol alıb. Ulduz rolunu Tamilla Rüstəmova oynayıb.

Filmin əsas çəkilişləri Astara rayonunda aparılıb. Bəzi kadrlar Lənkəranda, toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbə Mədəniyyət sarayında lentə alınıb.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.1;2.