Muğam axşamları layihəsinin növbəti konserti

Beynəlxalq Muğam Mərkəzinin Muğam axşamları layihəsinin növbəti konserti noyabrın 29-da keçirilib.

Konsertdən əvvəl filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək layihə barədə danışıb. Vurğulayıb ki, muğam axşamları ənənəsi XIX əsrin ikinci yarısından başlanılıb. Belə axşamlar əvvəlcə Şuşada, sonra da Bakıda davam etdirilib. Yüz illərdən keçib gələn bu ənənə Bakının qəsəbə və kəndlərində də yaşayıb və indidavam etdirilir. Qeyd edilib ki, elmi tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində həyata keçirilən layihənin məqsədi muğam sənətini gələcək nəsillərə daşımaqdır.

Layihə bu dəfə Zabul segah muğamının ifası ilə davam edib. Beynəlxalq Muğam Mərkəzinin solistləri əməkdar artistlər Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Vəliyevanın ifasında muğamın şöbələri və ritmik ahəngi özünəməxsus tərzdə təqdim olunub.

Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə Buta instrumental ansamblı müşayiət edib.

Xatırladaq ki, layihə çərçivəsində dekabrın 28-də keçiriləcək növbəti konsertdə Çahargah muğamı səslənəcək.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.3.