Mübarizlər teatrından Laçına məktub

Sabirabadİmişli ASAN Xidmət mərkəzlərinin könüllülərinin təşəbbüsü ilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət Mübarizlər teatrının hazırladığı Laçına məktub adlı kompozisiya-tamaşa nümayiş olunub.

3 dekabr Beynəlxalq Əlillər Günü ilə əlaqədar hazırlanan tədbir İmişli Regional ASAN Xidmət mərkəzinin tamaşa zalında keçirilib.

Azərbaycanın müstəqilliyi və vətənpərvərlik mövzusunda kompozisiyanın quruluşçu rejissoru II Xalq Teatrları Festivalının qalibi Seyidməmməd Əliyevdir. Tamaşada I qrup əlillər Rafiq Rzayev, Xəyal Əliyev, II qrup əlil Ramazan Şirəliyev, teatrın yarandığı vaxtdan onun fəaliyyətində iştirak edən, hazırda isə Sabirabad ASAN Xidmət mərkəzində işləyən Nicat Əliyev və həvəskar aktyor Vəfadar Cəfərov iştirak ediblər.

Sonda İmişli ASAN Xidmət mərkəzinin direktoru Elvin Məmmədov çıxış edərək ölkə rəhbərinin əlillərə göstərdiyi qayğıdan danışıb və tamaşaya görə Sabirabad Regional Mədəniyyət İdarəsinə və teatrın kollektivinə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.3.