Bəlkə Anamın kitabını yenidən oxuyaq?!.

Bu il Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi, daim müasirgöz önündə olan milli və bəşəri bəlaların danışan dilinə çevrilən Cəlil Məmmədquluzadənin 150 illiyidir. Maarifçi ədibin yubileyində teatrlarımız onun əsərlərinə təkrar-təkrar müraciət edirlər. Belə tamaşalardan biriŞuşa Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən Anamın kitabıdır.

Birhissəli tamaşanın quruluş müəllifi Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Rolları Xanirə İsgəndərova (Zəhra bəyim), Mirqabil Əkbərov (Rüstəm bəy), Nihad Heybətov (Mirzə Məhəmmədəli), Türkay Cəfərli (Səməd Vahid), Dürdanə Dünyamalıyeva (Gülbahar), Təranə Əliyeva (Zivər xanım), Rasəf Mehdiyev (Qənbər) və başqaları ifa edirlər.

Dramaturqun 1920-ci ildə yazdığı Anamın kitabı pyesinin süjet xətti üç ayrı ölkədə təhsil alıb vətənə qayıdan üç qardaşın konfliktindən və onlar arasında ziddiyyətləri aradan qaldırmağa, bütün məslək və görüşlərindən qoparmadan yenidən bir dam altında yığmağa çalışan, birliyə can atan anadan bəhs edir. Onlarla yanaşı tamaşada saf, təmənnasız və ən əsası başa düşdüyü kimi yaşayan və danışan bir ibrətamiz Qənbər də var. Rejissor da bu məqama Mirzə Cəlilin ana südü kimi təmiz, safdilli çobanına xüsusi yer verməklə məhz onu ağrımızın danışan dilinə çevirib.

Mirzə Cəlilin təsvir etdiyi 3 qardaşı bu günün prizmasından bir az da dara çəkən rejissor danışıq dili problemionu üstələməkdə olan dini görüş, əqidə, xurafata diqqət çəkməyə çalışıb. Yəqin elə bu yanaşmasının nəticəsi kimi biz daha çox Səməd Vahid və Mirzə Məhəmmədəlini görürdük. Peterburq təhsilli russkoyazıçnı lüğətçi dindarşeirbaz qardaşlarının kölgəsində qalırdı. Təbii ki, rejissorun bu baxış bucağı müəyyən mənada mübahisəli görünə bilər. Niyə? Çünki Mirzə Cəlil dövrünün, xüsusən o dövr Azərbaycan cəmiyyətinin ictimai-siyasi mühitində inkişafa və birliyə əsas maneə kimi məhz üç xarici mədəniyyətin əsasında formalaşan üç ideologiyanın mövcudluğu idi və ədib də məhz bu üçlüyü məhşər ayağına çəkmişdi.

Tamaşanın ilk səhnələrində biz Rüstəm bəyi hakim görsək də, sonradan Mirzə Məhəmmədəlinin qoyulduğu tərəzinin gözü daha ağır basırdı. Aktyora şivə, hərəkət və ən əsası əmrvarı çığırma sərbəstliyi verən quruluş müəllifi bilərəkdən, yaxud bilmədən diqqəti bu üçlüyün qəhrəmanı kimi məhz mistik dindara yönəldirdi. Yəqin elə buna görə idi ki, aktyor səhnədə ürəyindən keçdiyi kimi qədeş Mirzəlik edir, sonrakı səhnələrdəki Mirzə Baxşəli (Emin Sevdiməliyev) isə hər kəsin qulağına tanış olan iki şivənin sintezində bir oyun-danışıq sərgiləyirdi. Müəyyən məqamlarda bu, tamaşaçını güldürməyə, dramatizmin yükünü azaltmağa hesablanmışdısa da, çox vaxt yerinə düşmürdü.

Tərəf-müqabilləri olan şeirbaz, bir növ, dünyanı qafiyələşən misraların bölgüsündə görən cütlük Səməd Vahid (T.Cəfərli) və Hüseyn Şahid (G.Qasımov) isə maraqlı oyunları ilə güldürməyi, ab-havanı yüngülləşdirməyi bacarırdılar.

Tamaşa boyu Zəhra bəyimi, narahat və qayğılı ananı canlandıran aktrisanın oyunundakı narahatlıq, səsindəki məcburiyyət dolu məhkumiyyət onu tərk etmədiyindən biz təbii ana həyəcanını hiss edə bilmədik. Eyni sözləri səhnənin Gülbaharına da şamil etməliyik. Müqayisədə ilk səhnələrdən təbii oyunu, səmimi sirayəti ilə tamaşaçıda xoş təəssürat yaradan Qənbər (R.Mehdiyev) sonadək tamaşanın əsas qəhrəmanı kimi yerini qoruya bildi.

Rejissor dramatik, ağır mətləblərin hasil olduğu tamaşaya Gülbaharla Qənbərin sevgisindən həzinlik, saflıq qatmaqla ümumi plana sərbəstlik verə bilmişdi.

Oğlanlarını bir araya gətirməyi bacaran ananın sevgi ilə balalarını yenidən öz qanadları altına alması ilə də növbəti müsbət mesajını ötürürdü: hər kəsin və hər şeyin yaxşı sonu öz əlindədir.

Musiqi həlli və dialoqların sürətliliyi baxımından dinamik təsir bağışlayan tamaşanın sadə tərtibatı səhnəni və tamaşaçını yersiz göz yükündən xilas etmişdi.

Xüsusən detallar üzərində dayanan və 3 qardaşın köşəsini 3 rəngdə, həm də Azərbaycan bayrağının rənglərində təqdim edən quruluş və tərtibat müəllifləri bir dilin varlığının bir millətin, dövlətin, rəmzlərin varlığı ilə assosiasiya etməyə çalışmışdılar.

Bildiyimiz kimi, Mirzə Cəlilin Anamın kitabı pyesi vasitəsilə insanlara aşıladığı əsas tələblərdən birimilli özünüdərk məsələsinin həlli yoludur ki, bu yolda da başlıca meyar ana dilinin inkişafı və bu dil vasitəsilə xalqın aydınlanmasıdır. Təəssüf ki, həmin üç qardaşın təsirləndiyi ideologiyalar onlara ana dilini unutmalarına və sadə xalqla ünsiyyətlərinin qırılmasına gətirib çıxardığı kimi, tamaşada da bu məqam pyesdəkindən sönük təsir bağışladı...

 

H.NİZAMİQIZI

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.5.