“Cəfər Cabbarlı həftəsi”nə “Yaşar” tamaşası ilə yekun vuruldu

 

 

“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi”nə yekun vuruldu.

Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük izdiham yaşanırdı. Teatrsevərlər böyük dramaturqunYaşar” tamaşasının nümayişinə, Cabbarlının sənət işığına toplaşmışdılar.

Tamaşanı izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspora, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, ədəbiyyat və mədəniyyət xadimləri vardı.

Azərbaycan ədəbiyyatında və teatr salnaməsində məxsusi yeri olan Cəfər Cabbarlı yaradıcılığının yaşarı bir nümunəsi sənətsevərlərə təqdim olundu. “Yaşarpyesi Cəfər Cabbarlının son əsərlərindəndir. Pyes ilk dəfə 1932-ci ildə tamaşaya qoyulub. Əsərdə yeni Azərbaycan ziyalısının obrazı yaradılıb. Yaşar yeni tipli gənc alimdir. O öz ixtirası ilə vətən torpağını abad etmək istəyir. Pyesdə Cabbarlı köhnə elmi normalara, əski üsullara pərəstiş edən elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə qırıb atan yeni, təşəbbüskar elm adamlarını alqışlayır. Əsərdəki obrazlar müsbət və mənfiliyindən asılı olmayaraq həmin dövrün gerçəkliyini obyektiv şəkildə əks etdirir.

Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əsgərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənîvàdır.

Rolları xalq artistləri Nurəddin Mehdixanlı (İmamyar), Ramiz Məlik (İvanov), Cəfər Namiq Kamal (Əmirqulu), Əli Nurzadə (Niyaz), əməkdar artistlər Elnar Qarayev (Yaşar), Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruzov (Toğrul) ifa edirlər. Səhnə əsərində həmçinin əməkdar artistlər Məsmə Aslanqızı (Türkan), Ayşad Məmmədov (Belekurov), aktyorlar Rada Nəsibova (Yaqut), İlyas Əhmədov (Türbət), Rüstəm Rüstəmov (Nüsrət), Ramin Şıxəliyev (Əmirqulu), əməkdar artist Mehriban Xanlarova və Firuzə Balayeva (Şərəbanu), aktyorlar Elnur Qədirov (Əliverdi), Vüsal Mustafayev (Həsən), əməkdar artistlər Elşən Rüstəmov (Prokuror) və Elxan Quliyev (Sədr) rol alıblar.

Aktyorların çıxışları sənətsevərləri gah güldürdü, gah da dərin düşüncələrə qərq etdi. Pyesin uğurlu səhnə həlli, aktyorların şövqlü ifası tamaşaçıları məmnun etmişdi. Bu məmnuniyyət izləyicilərin alqışları ilə isbat olunurdu.

Qeyd edək ki, noyabrın 23-də başlanan “Cəfər Cabbarlı həftəsi”nə Akademik Rus Dram Teatrı “Sevgiyə görə bağışla” (“Aydın”), Dövlət Gənc Tamaşaçılar Teatrı “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrı “Sevil”, Lənkəran Dövlət Dram Teatrı “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrı “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrı “Dönüş” tamaşaları ilə qatılmışdı.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.1;5.